Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunu Atilla Muradlı Qarabağ Universitetinin ilk tələbəsi olub. O, qəbul imtahanlarında 519.2 bal toplayıb.
Atilla müsabiqədənkanar qaydada universitetə qəbul olacaq. Çünki o, Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır. Mövcud qanunvericiliyə görə beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar yerləşdirilir.
O, Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisında təhsil almaq niyyətindədir. Atilla Muradlı Elm və təhsil nazirinin müvafiq əmri ilə "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülüb. O, həmçinin 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcək
Modern.az Atilla Muradlı ilə əlaqə saxlayıb.
O bildirib ki, orta məktəb həyatı onun üçün olduqca maraqlı, bir o qədər də çətin keçib: “Vaxt olub ki, gecələr oyaq qalıb dərs oxumuşam. Bütün bunlar maraqlı anlar, xatirələrdir".
Atilla Qarabağ Universitetinə qəbul olmaq üçün sənədlərini ötən həftə təqdim edib. "Qarabağ Universitetinə qəbul olmaq ehtimalım yüksək idi. Amma tam dəqiq deyildi. İxtisas seçimi 9 avqustda başlayır, mən isə avqustun 6-da medallarımı və müvafiq sənədləri təqdim etmişəm. Elə oldu ki, universitetə seçilən ilk mən oldum".
Müsahibimiz Qarabağ Universitetini seçmək məqsədini buraya olan sevgisi ilə əlaqələndirir:
“Qarabağ bizim üçün əziz və doğmadır. Mənim üçün böyük fəxr və qürurdur ki, şəhidlərimizin qanı hesabına alınan torpaqlarda yaradılan ilk universitetin ilk tələbəsi olacağam. Bununla yanaşı Qarabağımızın gözəl təbiəti, ab-havası məni özünə cəlb edib. Bu da məni orada oxumağa vadar edən amillərdən biridir. Elektrik və elekrtronika mühəndisliyini seçməyimin səbəbi isə bu sahəyə böyük marağım olmasıdır. Həmişə astrofizikadan medallar qazanmışam. Sevdiyim sahəyə də uyğun ixtisas elektronika mühəndisliyidir. İstəyərəm ki, bu ixtisası bitirib Qarabağımız üçün elektrik enerjisi sahələrində yeni layihələrə imza atım”.
O, Qarabağ Universitetindən sonra təhsilini xaricdə davam etdirmək niyyətindədir.
"İnanmıram ki, universitet həyatı mənim üçün çətin olsun. Mən elmə həvəsi olan biriyəm. Ona görə nə qədər çətin olsa da, öhdəsindən gələrəm. Qarabağ Universitetini seçmək istəyən sinif yoldaşlarım da var. Onlar da bu universitetdə təhsil almaq arzusundadırlar. Gələcəkdə magistr təhsilimi xaricdə davam etdirib ölkəmiz üçün daha faydalı işlər görmək istəyərəm", - Atilla deyir.
A.Muradlı qeyd edib ki, olimpiadalara hazırlaşmağa hələ 7-8-ci siniflərdən balşlayıb:
“Bu olimpiadalarda medallar qazana-qazana milli komandaya seçilmək üçün hazırlaşırdım. Keçən il milli komanda daxilində Polşada ölkəmizi təmsil etmişdik. Medal qazana bilməsəm də, bu böyük təcrübə idi. Bu il qarşıma məqsəd qoymuşam ki, Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi layiqincə təmsil edib medalla qayıdım”.