Modern.az

Gələcəyimizə yatırım: Daha çox gənc dövlət hesabına xaricdə oxuyacaq

Gələcəyimizə yatırım: Daha çox gənc dövlət hesabına xaricdə oxuyacaq

Təhsil

14 Avqust 2024, 14:25

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Daha 205 namizəd proqram iştirakçısı adını qazanıb və bu il dövlət hesabına xaricdə təhsil alacaq gənclərin sayı 500-ə çatıb.

 

Modern.az-ın məlumatına görə, xaricdə təhsil almaq şansı əldə edənlərin əksəriyyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını seçib. 

 

Belə ki, bu il 500 nəfərin yarısından çoxu, 263 nəfər təhsilini bu ölkədə davam etdirəcək. Siyahıda Kembric, Oksford universitetləri, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi, London Kral Kolleci kimi dünyanın TOP10-luqda yerləşən ali təhsil ocaqları da var.

 

Dövlət hesabına xaricdə oxuyacaq gənclərimizin ikinci ən çox üz tutduğu ölkə ABŞ-dir. 108 Azərbaycan gənci yeni tədris ilində təhsilini bu ölkədə alacaq. Müraciət edilən universitetlər arasında Harvard, Stanford, Kolumbiya, Çikaqo universitetləri, Massaçusets Texnologiya İnstitutu, Berkli Kaliforniya Universiteti kimi nüfuzlu təhsil ocaqlarını görmək mümkündür.

 

60 gənc isə dövlət hesabına Türkiyədə təhsil alacaq. Çin, Almaniya, İsvçe, İtaliya, Fransa, Avstraliya və sair ölkələrin universitetlərinə də müraciət edən gənclər var.

 

Beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.

 

Ölkəmizin gələcəyinə yatırım...

 

Qeyd edək ki, Azərbaycan gənclərinin xaricdə təhsil ənənəsinin əsası ümummilli lider Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə qoyulub və bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Son illərdə minlərlə gənc dövlət hesabına xaricdə təhsil alıb və bu say hər keçən il artır.

 

Xaricdə təhsil proqramı məqsədi müasir dövrün çağırışlarına uyğun kadrların hazırlanmasında böyük rol oynayır, minlərlə azərbaycanlı gəncin dünyanın qabaqcıl və ən nüfuzlu universitetlərində təhsil almasına, öz ixtisasları üzrə həyati fəaliyyətə hazır kadrlar kimi yetişməsinə əlverişli şərait yaradır. Proqram çərçivəsində xaricdə təhsil alan gənclər diaspor quruculuğu işində isə ölkəmizə yeni imkanlar qazandıra bilər.

 

Bir neçə gün əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə proqram genişləndirilib.

 

Dəyişikliklərə əsasən, Dövlət Proqramının müddəti uzadılıb və 2022–2028-ci illər olaraq müəyyən edilib. Həmçinin hər il təhsil alacaq tələbələrin sayı 400-dən 500-dək artırılıb. Bundan başqa gənclərin doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. 2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.

 

Beləliklə, gənclər dövlət hesabına xaricdə təhsil alması ölkəmizin gələcəyinə, onun inkişafına yatırılan investisiyadır. Bir neçə gün əvvəl imzalanan sərəncam Azərbaycan təhsilinin və respublikamızın gələcək inkişafına hesablanan, strateji əhəmiyyətə malik sənədlərdən biridir.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib ki, xaricdə təhsil dünya təcrübəsində geniş yayılmış pedaqoji aktlardan biridir:

 

“Hər bir ölkənin öz hüdudları çərçivəsində bütün ixtisaslar üzrə kadr hazırlığını həyata keçirməsi mümkün deyil. Bu istiqamətdə hər bir ölkə kadr hazırlığı ilə bağlı gənclərin xarici ölkələrdə təhsil almasında maraqlıdır. Ölkəmizdə bu təcrübənin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. O Azərbaycan KP MK-nın I katibi vəzifəsində işləyərkən gənclər yaşadığımız SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi. Tarix göstərdi ki, ümumilli liderimizin həyata keçirdiyi bu siyasət nəticəsində hazırlanan kadrlar müstəqilliyin əldə edilməsində və ölkəmizin sonrakı inkişafında böyük xidmətlər göstərdilər”.

 

Onun sözlərinə görə, ölkəmizdə bu gün də bu mütərəqqi təcrübədən istifadə olunur və bununla bağlı Dövlət Proqramı qəbul edilmişdir:

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqram”ı çərçivəsində 2024-2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Siyahıya əsasən növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində 125 nəfərin bakalavr səviyyəsi üzrə, 375 nəfərin isə magistratura səviyyəsi üzrə xaricdə təhsil alması nəzərdə tutulub. Bu tələbələr dünya reytinq cədvəllərində yüksək yer tutan ali məktəblərdə təhsil alacaqlar. Elm və Təhsil Nazirliyi onlarla müqavilə imzalayacaqdır. Müqaviləyə əsasən həmin gənclər təhsillərini bitirdikdən sonra 2 ay müddətinə ölkəyə qayıtmalı və ən azı 5 il müddətində burada əmək fəaliyyəti ilə məşğul olmalıdırlar”.

 

H.Əlizadə qeyd edib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqram”ı günün tələbi olmaqla bərabər dövlətimizin gənc kadrların hazırlanmasına böyük diqqət göstərməsinin təzahürüdür:

 

“Bu gün dünya artıq IV sənaye inqlabının astanasındadır. Növbəti sənaye inqilabında bir çox ixtisasların yox olması və yeni ixtisasların yaranması gözlənilir. Yeni yaranacaq ixtisasları indidən proqnozlaşdırmaq çox çətindir. Yalnız bu məlumdur ki, yeni ixtisaslar süni intellektlə və süni intellektin digər fəaliyyət sahələrinə nüfuzu ilə bağlı olacaqdır. Artıq dünyanın inkişaf etmiş ölkələrində süni intellekt ilə bağlı kadr hazırlığına başlanmışdır. Məsələyə bu konteksdən yanaşanda dünya ali təhsil müəssisələrində kadr hazırlığının həyata keçirilməsi, həmin ölkələrin təcrübəsi əsasında yeni ixtisaslar istiqamətində mütəxəssislərin hazırlanması aktual hadisəyə çevrilir. Xaricdə təhsil almağa gedən gənclər bir müddət sonra ölkəmizə qayıdıb, ixtisasları üzrə işləyərkən həmin universitetin təcrübəsini və öyrəndikləri yenilikləri ölkəmizə gətirmiş olacaqdır. Dünyanın qabaqcıl elm və təhsil mühitinin ölkəmizə gətirilməsinin əsas yollarından biri budur. Bu reallığa görə cari ildə xarici ölkələrdə təhsil almağa göndərilən tələbələrin sayı artırılaraq, 500 nəfərə çatdırılmışdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ