Modern.az

Mətbuat katibi də dövlət hesabına xaricdə oxuyacaq: "Yeni biliklər qazanmağın vaxtıdır"

Mətbuat katibi də dövlət hesabına xaricdə oxuyacaq: "Yeni biliklər qazanmağın vaxtıdır"

15 Avqust 2024, 17:11

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə təhsil alacaq gənclər artıq məlumdur. Siyahıda 500 nəfər adı var, onlar dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında oxuyacaqlar.

 

Xaricdə dövlət hesabına təhsil alacaq gənclərdən biri də Nəriman Kərimlidir. O, hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyinin mətbuat katibidir. O, ABŞ-ın Minnesota Universitetində oxuyacaq.

 

Modern.az-la həmsöhbət olan Nəriman Kərimli bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında alıb.

 

O, magistratura təhsilini Türkiyənin Hacettepe Universitetində tamamlayıb. Nəriman Kərimli növbəti ali təhsilini də xaricdə almağının səbəblərini belə izah edir:

 

“Bundan əvvəl də xaricdə təhsil almışam. Artıq gördüm ki, dünya dəyişir və yeni biliklər qazanmağın vaxtıdır. Mənim üçün yeni bilik və bacarıqlar qazanmaq lazım idi. Belə bir şans olduğunu görüb müraciət etdim və bu şansı əldə etdim”.

Müsahibimizin sözlərinə görə, artıq üç ildir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin mətbuat katibi olaraq çalışır:

 

“Bu işə alışmışam və ayrılmaq bir qədər çətin olacaq. Amma inkişaf etmək lazımdır. Bəzən yeniliklərə ehtiyac olur. Çətin olsa da, əziyyət çəkmək lazım gəlir. Getdiyim ölkədə bizə işləməyə icazə verilmədiyi üçün ancaq elmi fəaliyyətlə məşğul olmağa və araşdırmalar etməyə imkanım olacaq. Qayıdandan sonra çalışacağam ki, bitirdiyim beynəlxalq münasibətlər ixtisası üzrə dövlət qulluqçusu kimi özümü daha da inkişaf etdirim. Əsasən hədəfim Xarici İşlər Nazirliyi və ona bağlı olan qurumlarda çalışmaqdır”.

 

Mətbuat katibi qeyd edib ki, qarşısındakı ilk məqsəd gedəcəyi cəmiyyətə uyğunlaşmaqdır: “Getdiyim cəmiyyətə uyğunlaşmaq bir qədər çətin olacaq. Çünki mən heç vaxt Avropa, yaxud Amerika ölkələrində yaşamamışam. Amma düşünürəm ki, bir müddət sonra bu adaptasiya prosesini keçə bilərəm”.

 

N.Kərimli ölkəmizdə peşə təhsilinin vəziyyətindən də danşıb:

 

“Ölkədə bu sahədə tədris həyata keçirilməsi üçün yenin məktəblər tikilir. Amma hələ də infrastrukturda müəyyən problemlər qalır. Bu məsələlər həll ediləndən sonra peşə təhsili ilə bağlı vəziyyət daha da yaxşı olacaq. Gənclərə tövsiyə edərdim ki, mütləq peşə təhsili alsınlar. Tək şans ali təhsil almaq deyil. Peşə təhsili alaraq da iş tapa, çalışa bilərlər. Peşə təhsili almaq daha asandır. Eyni zamanda peşə təhsili alaraq daha sonra imtahan vermədən subbakalavr olaraq ali məktəbdə imtahan vermədən də təhsil ala bilərsiniz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri