Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş sədri Asəf Quliyev dekabrın 1-də keçirdiyi mətbuat konfransında AXCP-dən və Milli Şuradan istefasının səbəblərini açıqlayıb.
A.Quliyev bildirib ki, istefa verdiyini görə peşman deyil və bunu doğru qərar hesab edir: “Partiyanın məclislərindəki çıxışımda təklif edirdim ki, AXCP 2011-ci ildən prosesləri təkbaşına idarə etsin və heç bir bloka qoşulmasın. Çünki partiya rəhbərliyinin cəmiyyətdə kifayət qədər nüfuzu vardı. Lakin belə qərara gəlindi ki, biz digər partiyalarla blok yaradaraq fəaliyyət göstərək. Sözsüz ki, mən də partiya rəhbərliyinin bu qərarını qəbul etməli oldum. Həmçinin Milli Şura cəmiyyəti öz ətrafında vahid namizədlə birləşdirə bilmədi. Qurumun apardığı xətt səhv idi və mən buna etiraz etdim. Təşkilat yaranan gündən, haqqında müxtəlif fikirlər formalaşdı. Eyni zamanda qurumun qarşısına qoyduğu məqsədlər, bir çox komitə və komissiyaların yaradılması işini başa çatdırmaması məndə inamsızlıq yaratdı”.
A.Quliyev qeyd edib ki, Milli Şura yarananda onun əleyhinə olanların quruma cəlb olunması və həmin şəxslərin Cəmil Həsənlinin vəkili təyin olunması səhv qərar idi: “Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar. Bu, onların müsahibələrində də öz əksini tapıb. Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda Milli Şuranın özündə rəhbərliyində Cəmil Həsənlinin namizədliyi verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki, bu cür hədəf, komanda ilə seçkiyə gedilməsi elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikir ayrılığı yaratdı”.
A. Quliyev qeyd edib ki, seçkidən sonra verəcəyim istefanın effekti olmayacaqdı: Əgər seçkidən sonra istefa versəydim, bu cəmiyyətdə ajiotaj doğurmayacaqdı və düşünürəm ki, arxadan atılmış daş kimi qiymətləndirəcəkdi”.
A.Quliyev “Xalq arzusu” adlı yeni təşkilat yaradacağını deyib: “Burada əsas məqsəd milli ideologiyanın təbliği istiqamətində fəaliyyət göstərməkdir. Təşkilat qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak etmək niyyətində deyil”.
O deyib ki, təşkilat heç bir bloka qoşulmayacaq, lakin hansısa partiya ilə milli ideologiya istiqamətində əməkdaşlıq etməyə hazırdır.
İlkin