Modern.az

"Avstraliyada Azərbaycan mədəniyyətini təbliğ edəcəm" - Xaricdə təhsil proqramının QALİBİ

"Avstraliyada Azərbaycan mədəniyyətini təbliğ edəcəm" - Xaricdə təhsil proqramının QALİBİ

Təhsil

20 Avqust 2024, 15:19

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə təhsil alacaq gənclər artıq məlumdur. Siyahıda 500 nəfər adı var, onlar dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında oxuyacaqlar.

 

Xaricdə dövlət hesabına təhsil alacaq gənclərdən biri də Ramtiq Alızadədir. O, Avstraliyanın Monaş Universitetində magistratura pilləsində oxuyacaq. Melburn şəhərində yerləşən ali təhsil ocağı dünyanın ən nüfuzlu universitetlərindən biridir. 

 

28 yaşlı Ramtiq Alızadə "Yüksəliş müsabiqəsi"nin qalibidir. Qeyd edək ki, magistratura səviyyəsi üzrə xaricdə təhsil dövlət proqramında “Yüksəliş müsabiqəsi”nin qalibləri üçün xüsusi imtiyazlar yaradılıb. O, müsabiqənin qalibi olduğu üçün xaricdə təhsil üzrə dövlət proqramının müsahibə mərhələsindən azad edilib.

 

Modern.az-la həmsöhbət olan Ramtiq Alızadə bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında alıb.

 

“Nazirlər Kabinetini müvafiq qərarına görə, “Yüksəliş Müsabiqəsi”nin qalibi olmuş şəxslər Xaricdə Təhsil üzrə Dövlət Proqramının seçim prosedurunda müsahibə mərhələsindən azad olmaqla dövlət proqramının siyahısında olan universitetlərdən və ixtisaslardan qəbul almaq kimi digər tələblərə cavab vermək şərti ilə qəbul edilirlər. Mən də həmin dövlət proqramının yaratdığı imtiyazdan istifadə edərək birbaşa proqramın iştirakçısı seçilmişəm”, - o deyib.

 

"Avstraliyanın həyat tərzi, insanların rifah halı axtardığım meyarlara tam uyğun gəlir"

 

Ramtiq Alızadə qeyd edib ki, xaricdə təhsil almaq yaxşı şansdır, burada uyğunlaşmaq məsələsi də vacib olan amillərdən biridir:

 

“Düşünürəm ki, xarici ölkəyə uyğunlaşma prosesinin rahatlaşdırılması üçün ən vacib məsələ insanın öz dəyərlərinə uyğun cəmiyyəti tapması və həmin ölkəyə müraciət etməsidir. Mən də buraya gəlmədən əvvəl bir çox universitetlər haqqında araşdırma etdim. Mənim təhsil və təcrübə göstəricilərim əksər universitetlərə qəbul olmağa imkan yaradırdı. Lakin gördüyüm qədərilə, Avstraliyanın həyat tərzi, insanların rifah halı, ölkənin iqtisadi durumu, insanlar və tələbələr üçün yaradılmış imkanlar mənim axtardığım meyarlara tam uyğun gəlir. Avstraliyanın mənim üçün üstün cəhəti ondan ibarətdir ki, buradakı əhalinin əksəriyyəti xaricdən gəlmiş insanlardır. Böyük qismi Avropadan, bir qismi isə Asiyadan köçən insanlardır. Əhalinin təxminən 3%-ə qədər kiçik bir hissəsi yerli xalqlardır. Düşünürəm ki, bu vəziyyət burada multikultural mühit yaradır. Bu da hər kəsin özünü güvəndə hiss etməsinə gətirib çıxarır. Hamı burada gəlmə olduğu üçün heç kim digər insanlara qarşı ayrı-seçkilik mövqeyində olmur. Xüsusilə də ölkənin danışıq dilinin ingilis dili olması və yerli xalqın fərqli dilinin olmaması bu müstəvidə maneə yaratmır. Bu baxımdan düşündüm ki, qeyd etdiyim yaşam şəraitlərinə və multikultural mühit məsələlərinə görə yaşaya biləcəyim ən yaxşı ölkə ola bilər".

 

O, Avstraliyanın üç universitetindən qəbul aldığını vurğulayıb. Bunlar Sidney Universiteti, Kanberrada yerləşən Avstraliya Milli Universiteti və Melburnda yerləşən Monaş Universitetidir.

 

"Avstraliya çox böyük yerdir, bu şəhərlər arasında da müxtəlif sosial mühit, iqtisadi amil və digər məsələlərdən dolayı müəyyən fərqlər var. Mən araşdırma edərək Melburn şəhərinin mənim axtardığım meyarlara daha uyğun gəldiyini gördüm. Bu baxımdan da burada yerləşən Monaş Universitetini seçdim. Artıq bir aydır ki, buradayam. Hesab edirəm ki, adaptasiya dövrü mənim üçün çətin olmadı. Qeyd etdiyim kimi, mən əvvəlcədən hansı şərait, mühit, şərtlərin məni gözlədiyini araşdırmışdım. Bu baxımdan buranın cəmiyyətinə adaptasiya olmaq mənim üçün çox da çətin olmadı. Adaptasiya prosesində bir qədər zaman alan məsələ təhsil sistemi ilə bağlı oldu. Mən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışam. Gördüyüm bu oldu ki, buranın təhsil sistemi bizimkindən kifayət qədər fərqlidir. Bu baxımdan sistemə öyrəşməyim bir neçə dərsimi aldı. Yaxşı tərəfi ondan ibarətdir ki, burada olan dəyişikliklər tələbələrin daha yaxşı hiss etməsinə, qeyri-formal mühitdə öyrənməyə təşviq etdiyinə görə, bu dəyişiklik insanı çətinə salan deyil, əksinə özünü daha hiss etməsinə gətirib çıxaran amildir", - proqramın gənc qalibi deyib.

 

"Təkcə Avstraliyanın deyil, digər ölkələrin də dövlət idarəetmə sistemlərini öyrənməyə imkan yaranacaq"

 

O hesab edir ki, yaşadığı ölkədə multikultural mühitin olması, əksər dərslərin müştərək öyrənmə formatında təşkil olunması təkcə Avstraliyanın deyil, eləcə də digər ölkələrin dövlət idarəetmə sistemlərini öyrənməyə imkan yaradacaq:

 

"Buraya təhsil almağa gələnlərin heç də hamısı mənimlə yaşıd, yaxud aşağı yaşda olanlar deyil. Çox böyük qismi müxtəlif ölkələrin dövlət və özəl qurumlarında yüksək vəzifələr tutan şəxslərdir. Həmin şəxslərdən həmin ölkələrin təcrübəsini öyrənmək mənim üçün çox maraqlıdır. Hesab edirəm ki, bu nəzəri biliklərlə yanaşı ölkələrin praktiki təcrübəsini öyrənməyə də imkan yaradacaq".

 

Ramtiq Alızadə Avstraliyada iş imkanlarında da söz açıb: "Mənim buraya gəlməyimin səbəbələrindən biri də odur ki, Avstraliya hökumətinin qaydalarına əsasən tələbə vizası ilə gələn şəxslərə həftəlik 24 saatdan çox olmamaq şərti işləmək icazəsi verilir. Tədris müddəti olmayan tətil ərəfələrində isə tam ştat işləməyə icazə verilir. Mənim buraya gəlməkdə əsas məqsədim təbii ki, təhsil almaqdır, amma eyni zamanda düşünürəm ki, bir ölkənin təcrübəsini mənimsəmək istəyirəmsə, burada real iş mühitinə keçid etmək təhsillə yanaşı daha çox şey öyrənməyimə səbəb olacaq. Bu baxımdan düşündüm ki, Avstraliyada təhsillə yanaşı praktiki imkanların olması çox yaxşı şansdır. Mən bu təcrübələri real iş mühitində də tətbiq edə biləcəm".

"Azərbaycanın idarəetmə sahəsində olan təcrübəsini müzakirə edirik"

 

O, Avstraliyada Azərbaycanın mədəniyyətini, turizm potensialını, tarixini təbliğ etməyi düşündüyünü bildirib:

 

"Bu proses başlamış sayılır. Qeyd etdiyim kimi, burada dünyanın müxtəlif yerlərindən olan tələbələr var. Hər dərsdə müxtəlif ölkələrdən tələbələrlə təhsil alıram. Mənim ixtisasım dövlət idarəetməsidir. Ona görə də dünya ölkələrinin təcrübələrini müzakirə edirik. Bu baxımdan Azərbaycanın idarəetmə sahəsində olan təcrübəsini, dövlət qurumlarında olan cəhətləri, özəl qurumlarda olan fərqli aspektləri müzakirə edirik. Bu əsnada Azərbaycanın adət-ənənələrini və digər qeyd etdiyim imkanları təbliğ etmək imkanı olur. Bundan əlavə də universitetdə tez-tez mədəniyyət günləri və digər fəaliyyətlər keçirilir. Planlaşdırıram ki, gələcəkdə bu fəaliyyətlərdə iştirak edim”.

 

R.Alızadə vurğulayıb ki, Avstraliyada ilk işi Azərbaycan icması ilə əlaqə yaratmaq olub:


“Melburn şəhərində Azərbaycan icması bizi bir neçə dəfə evlərinə qonaq dəvət ediblər. Adaptasiya prosesin sürətli və rahat keçməsinin əsas səbəbi həmin insanların dəstəyidir. Burada bizə lazım olan yerləri tapmaqda, yerləşmə məsələmizin həllində, universitetə uyğunlaşma məsələlərində adaptasiya prosesinin daha rahat keçməsində yerli icma və daha əvvəl bu prosesdən keçmiş, hətta vaxtilə dövlət proqramı vasitəsilə təhsil almış və burada yaşamağa qərar vermiş insanlar bizə kömək etdi",

 

"Dəyişikliklər elm və digər sahələrdə öz töhfəsini göstərəcək"

 

Ramtiq Alızadə xaricdə təhsil üzrə dövlət proqramına edilən son dəyişikliklərə də toxunub:


“Hesab edirəm ki, dünyanın inkişaf etmiş, qabaqcıl ölkələrinin bu istiqamətdə çox yaxşı təcrübələri var. Fikrimcə, ölkəmizdə, xüsusilə də əmək bazarında dəyişikliklər aparmaqdan ötrü həmin ölkələrin təcrübələrini öyrənmək vacibdir. Xaricdə təhsilin yaxşı tərəfi ondan ibarətdir ki, yalnız təhsil aldığın ölkənin deyil, həmin ölkədə digər ölkələrdən olan tələbələr vasitəsilə onların ölkələrinin də təcrübələrini öyrənmək olur. O baxımdan düşündüm ki, bu təcrübəni karyeramın bu dönəmində qazanmağım bundan sonrakı mərhələdə daha yaxşı formada fəaliyyət göstərməyimə şərait yaradacaq. Son dəyişikliklər nəticəsində dövlət proqramının müddəti uzadıldı, eyni zamanda təqaüdlə təmin olunacaq tələbələrin sayı 400 nəfərdən 500 nəfərə qaldırıldı. Növbəti ildən də doktorantura təhsilinin maliyyələşdirilməsinə başlanılacaq. Bütün bunlar Azərbaycanda əmək bazarında müxtəlif sahələrdə, eyni zamanda da elm sənayesinin inkişafına öz töhfəsini verəcək. Xüsusilə də doktorantura təhsilinin maliyyələşdirilməsi, qabaqcıl universitetlərin texnologiyanın inkişafı fonunda elmi hansı formada inkişaf etdirdiyini, yeniliyə hansı formada inteqrasiya olmasını öyrənmək və ölkəmizdə tətbiq etmək hesab edirəm ki, çox önəmlidir. İnanıram ki, bu dəyişikliklər yaxın müddətdə ölkəmizdə elm və digər sahələrdə öz töhfəsini göstərəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi