Modern.az

Qarabağ Universitetinin ilk TƏLƏBƏLƏRİ

Qarabağ Universitetinin ilk TƏLƏBƏLƏRİ

Təhsil

24 Avqust 2024, 17:41

Dövlət İmtahan Mərkəzi  (DİM) ali məktəblərə builki ixtisas seçiminin nəticələrini elan edib. Məlum olub ki, ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Bu il tələbələrin diqqət mərkəzində digər böyük ali təhsil müəssisələri ilə yanaşı yeni yaradılan Qarabağ Universiteti də olub. Yüksək nəticə əldə edən tələbələr xüsusilə bu universitetin güzəşt və imkanlarından yararlanmaq üçün buraya üz tutmağa qərar verib.

 

Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan 980 tələbənin orta qəbul balı 467,6 təşkil edib.

 

2024 – 2025-ci tədris ili üzrə Universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub. 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub.

 

Modern.az Qarabağ Universitetinin tələbəsi adını qazanan 3 nəfərlə həmsöhbət olub.

 

Şəki şəhər 18 saylı tam orta məktəbin məzunu Aygül Abdurahmanlı Qarabağ Universitetini seçməkdə əsas məqsədi yaxşı təhsil şansı yaratdığını düşünməyidir:

 

“Yüksək bal topladığım üçün bu universitetə qəbul olacağıma əmin idim. Seçimlərimi də bu yöndə etmişəm. Seçim edən zaman Qarabağ Universitetini yaxından görmək şansım olmasa da, bu qərarımın dügzün olduğunu düşünürəm. Burada yaradılan sosial şərait təhsildən əlavə qalan vaxtımızı səmərəli keçirməyimizə imkan yaradacaq. Bizi orada keçiriləcək festivallara, tədbirlərə cəlb edəcəklərini düşünürəm”.

 

Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyin məzunu Eltac Həmidov Qarabağ Universitetində perspektivli təhsil olacağını düşünür:

 

“Bu ərazilərin mənə qatacağı çox şey var. Buraya illər sonra gələn ilk tələbələrdən olmaq məncə böyük şans olacaq. Qarabağ Universitetini seçməyimin maraqlı hekayəsi var. Universitetin yaradılması xəbəri ilk yayılanda hüquqşünaslıq ixtisasının olacağı qeyd edilməmişdi. Mən isə bu ixtisas üzrə təhsil almaq istəyirdim. Hətta bu xəbəri ilk alanda bundan əmin olmadım, dəqiqləşdirmək üçün Elm və Təhsil Nazirliyinin səhifəsinə müraciət etdim və məlumatı təsdiq etdilər. O andan fikrimi dəyişdim və Qarabağ Universitetini seçdim. Bu universiteti bitirdikdən sonra da təhsilimi elə Azərbaycanda davam etdirmək istəyirəm. Hüquqşünaslıq ixtisasını bitirdikdən sonra 19 fərqli ixtisas üzrə magistr oxumaq şansımız yaranır”.

 

Onun sözlərinə görə, yaradılan şərait tələbələri tamamilə qane edəcək:

 

“Təhsillə yanaşı tələbələrin sosial bacarıqlarının da inkişafı vacibdir. Burada tələbələri sosial cəhətdən tam qane edəcək, boş vaxtlarını daha gözəl keçirə biləcəkləri şərait yaradılacağına əminəm. Hüquq təhsili ala biləcəyim əsas mərkəzlər Bakıda yerləşən ali təhsil müəssisələri və Qarabağ Universiteti idi. Düzü Bakıya gəlmək məndə biraz qayğılar yaradırdı. Amma Qarabağ Universitetində belə olacağını düşünmürəm. Hansısa çətinliklərlə üzləşəcəyimi də düşünmürəm. İnternet dövründə yaşayırıq istədiyimiz kursa da onlayn şəkildə qoşulub özümüzü təkmilləşdirə bilərik. Orada yaradılan şərait bəlkə də digər universitetlərdə yaradılmır".

 

Mingəçevir şəhər B.Şixəliyev adına 6 saylı məktəbin məzunu Aysu Lətifova qeyd edib ki, Qarabağ Universiteti Azərbaycanda ən yeni yaradılan və ən çox imkanlar təqdim edən ali təhsil müəssisəsidir:

 

“Məhz bu səbəbdən də mən Qarabağ Universitetini seçməyə qərar verdim. Həmin universitetin ilk tələbələrindən, məzunlarından biri olmaq istəyi də bu seçimimdə rol oynadı. Orada tələbələr üçün yaradılacaq şəraitin onları tamamilə qane edəcəyini düşünürəm. Universitetlə birbaşa tanışlığım olmasa da internet üzərindən yayımlanan çarxlar diqqətimi məhz buraya yönəltməyə kifayət etdi. Düşünürəm ki, orada bizlər üçün bütün lazımi şəraitlər yaradılacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi