Artıq ali təhsil müəssisələrinə qəbulun nəticələri elan edilib. Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi tələbələr illik təhsil haqlarının ödənilməsində Tələbə Təhsil Krediti Fondundan dəstək alır.
Modern.az-ın sorğusuna cavab olaraq Fonddan bildirilib ki, 2023/2024-cü tədris ilində 17171 nəfər təhsil tələbə kreditindən yararlanıb:
“Ümumilikdə isə, Fond yarandığı tarixdən təhsil kreditindən yararlananların sayı 38 mindən çoxdur, bunlardan 13 mini sosial, 25 mini isə standart növ təhsil tələbə kreditidir. 2024/2025-ci tədris ili üzrə müraciətlərin qəbuluna iyul ayının əvvəllərindən başlanılıb”.
Bildirilib ki, 2024-2025 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün 2 594 nəfər müraciət edib. Qeyd olunub ki, 1 298 nəfərə kredit verilib. Onlardan 325 nəfərə sosial, 973 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib. Məlumata görə, 150 müraciətdən imtina olunub.
Qeyd edək ki, yeni qəbul olmuş şəxslər portal.edu.az saytında qəbullarını təsdiq etdikləri vaxt eyni zamanda təhsil tələbə kreditinə də müraciət edə biləcəklər. Ödənişli əsaslarla təhsil növünə daxil olan hər bir şəxs portalda yaradılmış bölmədən elektron təhsil tələbə krediti portalına - e-ttkf.edu.az - keçid etməklə müraciətini ünvanlaya bilər. Bunun üçün tələb olunan yeganə sənəd notarial qaydada təsdiq olunmuş ərizədir. Tələbə bu ərizəni heç yerə getmədən "mobil naotariat" tətbiqindən də əldə edə bilir.