Modern.az

Ali məktəblərdən məzun olan gənclər niyə iş tapa bilmirlər...

Ali məktəblərdən məzun olan gənclər niyə iş tapa bilmirlər...

Təhsil

27 Avqust 2024, 12:50

Ölkədə bir sıra ixtisaslar var ki, onların məzunları iş tapmaqda çətinlik çəkirlər. Bəzilərinin fikrincə, bir sıra ali məktəblərdə həmin ixtisaslar üzrə həddən artıq plan yeri ayrılır. Başqa sözlə, tələb və təklif nəzərə alınmır.

Modern.az mövzu ilə bağlı təhsil eksperti Elçin Muradla həmsöhbət olub.

Onun sözlərinə görə, bu gün universitetlərdə plan yerləri bazara uyğun olaraq təyin edilir:

“Məzunların iş tapa bilməməsini birmənalı şəkildə plan yerlərinin çoxluğu ilə əlaqələndirmək olmaz. Çünki burada ilk faktor universitetdə verilən təhsilin keyfiyyəti ilə bağlıdır. Ali məktəbə sadəcə diplom xatirinə gedən, 4 ilini yola salıb başqa işlə məşğul olmaq istəyənlərin sayı çoxdur. Ona görə də bu gün öz ixtisası üzrə daha yaxşı, daha keyfiyyətli təhsil alan və özünü inkişaf etdirən tələbələr məzun olduqdan və müəyyən praktiki bacarıqlara sahibləndikdən sonra iş tapa bilirlər".
 

Ekspert bildirib ki, bu gün sözügedən uğursuzluğu bir çox aspektdən görə bilirik:
 

“Birinci aspekt tələbənin istədiyi ixtisasa düşə bilməməsidir. Tələbənin balı istədiyi ixtisasa düşmür və başqa ixtisasda oxumağa məcbur olur. O ixtisasda da yalnız diplom xatirinə oxuyur və bitirib başqa işlə məşğul olmağı hədəfləyir. İkinci nüans daha çox qızların məzun olduqdan sonra düşdüyü mühitdə işləməmək tələbilə  qarşılaşmasıdır. Ona görə də karyeradan geri qala bilirlər. Üçüncü nüans bəzi tələbələrin valideynlərinin təkidi ilə universitetə qəbul olunmasıdır. Bu da təbii ki, gələcəkdə keyfiyyətli vakantın yetişməməsi deməkdir”.
 

E.Murad qeyd edib ki, bu gün bəzi iş sahələrinə xaricdən mühəndislər dəvət edilir. Həmin mühəndislərə kifayət qədər maaş verilir. Halbuki, bu kadrları öz daxilimizdə yetişdirə bilərik:
 

“Bunun ən müzakirə olunmalı tərəfi Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə fəaliyyəti ilə orta məktəblərdə kütləvi fəaliyyətlər keçirilməsidir. Bu şəkildə hər bir ixtisas barədə abituriyentlərə müəyyən məlumatlar verilməli, ali təhsilə həvəsləndirməlidirlər. Eyni zamanda, təhsilində uğur əldə edən, qəbul imtahanında yüksək nəticə toplayan abituriyentlərlə həm dövlət, həm də özəl müəssisələr yaxından maraqlanmalı, onları daha da həvəsləndirməlidirlər. Bununla yanaşı, universitetlərimizin xarici universitetlərlə əlaqələri güclənməlidir. Tələbələr xarici univesitetlərdə praktiki biliklərə sahib olmalı və ölkə üçün daha faydalı işlər görməlidir. Düşünürəm ki, DİM ixtisaslar üzrə lazım olandan artıq ixtisas yeri ayırmır, sadəcə, qəbul olunan tələbələr düzgün istiqamət üzrə universiteti başa vurmur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi