Modern.az

Universitetə xoş gəldin, əziz gənclik!

Universitetə xoş gəldin, əziz gənclik!

23 Avqust 2024, 11:47

Bu gün sosial şəbəkələr sevincə qərq olub. Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə tələbə qəbulunun nəticələrini açıqlayıb. DİM bu dəfə də üzərinə düşən məsuliyyəti peşəkarlıq və dürüstlüklə yerinə yetirə bildi. Böyük əziyyət və vəsait hesabına (repetitorlara xərclənən vəsait nəzərdə tutulur -müəl.) uğur qazanan bütün gəncləri təbrik edirəm.

Gənclərin üzərinə düşən məsuliyyətə diqqət edək: Hər bir gənc dövlətin insan kapitalının inkişafı strategiyasına töhfə verməlidir. Hər bir gənc valediynlərinin gözləntilərini doğrultmalıdır. Və hər bir gənc yaxşı təhsil alaraq gələcək karyerası barədə düşünməlidir.

Əsas yük isə əlbəttə ki, universitetlərin üzərinə düşür. Universitetin qəbul olunmuş missiyası budur: "Universitet mədəniyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqatlar aparmalı və yeni tədqiqatçılar hazırlamalıdır."

Universitet müəllimləri gənclərdə mütaliə vərdişləri formalaşdırmalı, yeni və mükəmməl biliyin mənbəyini göstərməli, elmin populyarlaşdırılmasını təlqin etməlidir. Yox, əgər müəllim mütaliə etmirsə bunları bacarmayacaq. Müəllimin əsas vəzifələrindən biri tələbələrdə tənqidi təfəkkürü formalaşdırmaqdır. Müəllimdə bu keyfiyyət yoxdursa, əlbəttə ki, bunu da bacarmayacaq.

Hər tədris ilində 1-ci kurslara daxil olan tələbə kontingenti fərqli olur. Müəllim necə, dəyişirmi? Azərbaycan universitetlərinin əsas problemi dərslik və müəllim problemidir. Bir çox müəllimlər inert və bitmiş bilikləri təkrarən tədris edirlər, tələbələr isə onları təkrarlayıb, yadda saxlamağa üstünlük verirlər. Burada tələbəni qınamaq olmaz. Onun dünyagörüşünü dəyişə biləcək elmlərin tədrisinə çox böyük ehtiyac var.

Bu yerdə unudulmaz Heydər Əliyevin 2002- ci ildə İqtisad Universitetinin 70 illik yubileyində etdiyi möhtəşəm çıxışı yada düşür.

Həmin çıxışdan: “Siyasi iqtisadı beyninizdən çıxarın. Keçmişdə yazdığınız kitablarınızın hamısını kənara qoyun. Onlar lazım deyildir. Sonra, istirahət vaxtı hərdən açıb vərəqləyərsiniz ki, belə zəhmətlər çəkmisiniz. O vaxtlar bunlar lazım idi. İndi yeni-yeni əsərlər yazın və ən əsası, bizim gəncləri, gənc nəsli müasir bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə uyğun olaraq təhsilləndirin.”

Bəli dəyişən dövrə uyğun dərslik və dərs vəsaitləri yazmaq lazımdır!

Ali məktəblərdə görkəmli alimlər və fikir addamları ilə görüşlər keçirilməlidir. Düşüncəmə görə universitetlərdə “Mütaliə klubları” fəaliyyət göstərməlidir.

Massaçusets Texnologiya İnstitutunda çalışan bir Nobel mükafatı laureatı fizikdən tələbələri soruşur: “Dəyərli müəllimimiz, gələn semestr bizə fizikanın hansı bölməsini tədris edəcəksiniz?

Professorun onlara cavabı belə olur: “Nəyi tədris etməyim bir o qədər əhəmiyyət kəsb etmir, əsas məsələ tədris prosesində sizin etdiyiniz kəşfdir.”

Universitetlər ixtisaslar üzrə ən yaxşı dərsliklərin dilimizə tərcüməsini təmin etməlidirlər. Yeni biliklərin öyrənilməsində, elmin populyarlaşdırılmasında çox gecikirik. İstedadlı tələbələrə 1-ci kursdan etibarən elmi sevdirmək lazımdır.

Yaşasın Azərbaycan Gəncliyi!

 

Etibar Əliyev

Milli Məclisin VI çağırış deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi