
“Bu görüş Avropa Şurasının təşəbbüsü ilə həyata keçirilib. Burada daha çox avropalı jurnalistlər, tarixçilər, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Birbaşa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı deyil, yalnız ona yardımçı olmaq məqsədi ilə belə tədbir təşkil olunub. Çalışırıq ki, münaqişənin həll edilməsi üçün şərait yaradaq”.
Bunu
Modern.az-a açıqlamasında Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva deyib. O, Strasburqda keçirilən vətəndaş cəmiyyəti nümayəndələrinin görüşündən danışarkən qeyd edib ki, tədbirdə Qarabağ münaqişənin həll edilməsinə əngəl törədən amillər müzakirə olunub: “Burada Ermənistanla Azərbaycanın tarixi, bu ölkələrdə formalaşmış rəy müzakirə mövzusu olub. Bu münaqişənin həll üçün əvvəlcə tarixi analiz etmək lazımdır. Necə ola bilər ki, dost olan xalqlar birdən-birə düşmən oldular. Biz tədbirdə əsas bu məsələlərə toxunub”. A. Abdullayeva qeyd edib ki, tədbirdə Eldar Namazov iştirak etməyib, çünki müzakirə olunan məsələdə siyasi aspekt olmayıb. O, beynəlxalq konfransa Ermənistan nümayəndəsinin qatılmadığını deyib.
İlkin PİRƏLİ