Modern.az

Attestatla xaricdə keyfiyyətli təhsil almaq mümkündürmü?

Attestatla xaricdə keyfiyyətli təhsil almaq mümkündürmü?

Təhsil

26 Avqust 2024, 16:23

Bu il Azərbaycanda rekord sayda - 56 minə yaxın şəxs tələbə adını qazanıb. Onlar ölkənin müxtəlif universitetlərində təhsil alacaqlar. Bundan başqa hər il ölkəmizdə yüzlərlə tələbə xaricdə təhsil proqramlarına üz tutur.

 

Bir çoxları isə Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdə attestatla təhsil almağı üstün tuturlar. Ancaq xarici ölkələrdə attestatla təhsil alan şəxslər universiteti bitirdikdən sonra problemlərlə üzləşirlər. Bəzilərinin diplomları tanınmır, bəziləri isə iş tapa bilmir.

 

Modern.az-a açıqlama verən xaricdə təhsil üzrə ekspert Vüsal Kərimli bildirib ki, tələbələr xaricdə təhsil proqramlarına baş vurarkən gedəcəkləri universitetləri dərindən araşdırmalıdırlar.

 

“Universitetin beynəlxalq aləmdə və ölkəmizdə diplomunun tanınması və etibarlılığı məsələlərinə diqqət yetirməlidirlər. Attestatla qəbul verən universitetlərin keyfiyyəti ilə bağlı hər hansı ciddi fərq yoxdur. Təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində bu cür imtahansız qəbullar həyata keçirilir. Təbii ki, inkişaf etmiş universitetlərin bəziləri də beynəlxalq sertifkatlar tələb edir, ancaq bu siyahını ölkəyə görə bölmək olmaz", - o qeyd edib.

 

Ekspert onu da qeyd edib ki, azərbaycanlı tələbələr xarici universitetləri uğurla başa vura bilirlər:

 

“Azərbaycanda orta məktəblərdə təhsil yaxşı səviyyədədir, bu səbəbdən 11 il ölkəmizdə təhsil alan şagirdlərin xarici universitetlərdə problem yaşayacağını düşünmürəm. Sadəcə, onlar gedəcəkləri ölkənin dilini öyrənməli və ya tədris hansı dildə tətbiq ediləcəksə həmin dili yaxşı səviyyədə bilməlidirlər. Bir çox universitetlər dil biliyini göstərən sənədlər - IELTS, TOEFL kimi göstəriciləri olmalıdır. Bu şərtləri qarşılayan tələbələrimiz universiteti müvəffəqiyətlə başa vurur”. 

 

Arifə Kərimzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi