Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dəm qazı daha bir can alıb. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən 1979-cu il təvəllüdlü Ələddinov Kamran Rafiq oğlu hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində K.Ələddinovun vəfat etdiyi müəyyən edilib. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Binəqədi rayon Polis İdarəsindən APA-ya bildirilib ki, K.Ələddinovun dəm qazından boğularaq öldüyü ehtimal edilir. K.Ələddinov tanınmış yazıçı-publisist Rafiq Səməndərin oğludur.
Modern.az