Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin vəfatından 10 il keçir. Heydər Əliyev irsinin yorulmaz tədqiqatçısı, tanınmış publisist, millət vəkili Elmira Axundova onunla bağlı xatirələrini və araşdırmalarını öz kitablarında toplayıb. Millət vəkili öz xatirələrini ANSpress-ə müsahibəsində bölüşüb.
- Heydər Əliyev yadınızda necə qalıb?
- Çox sadə insan idi. İlk andan insanı öz orbitasına cəlb edə bilirdi. Onunla danışan adam Heydər Əliyevə qarşı doğmalıq hiss edirdi. Aradakı soyuqluğu əridə bilirdi. İnsanla çox maraqla danışır, maraqla sual verirdi. Heydər Əliyevlə danışan insan bir anlıq özünü maraqlı adam kimi hiss edirdi. Ondan xoşu gəlməyən insan belə, bir az ünsiyyətdən sonra Heydər Əliyev vurğununa çevrilirdi.
Heydər Əliyev qəbul etdiyi hər kəsi eyni diqqətlə, eyni qayğı ilə dinlərdi. Hətta Heydər Əliyevlə müxalif olan, onun oponenti olan insanlar onunla danışandan sonra Heydər Əliyevçiyə çevrilirdi. Onun təbliğatçısı olurdular. Heydər Əliyevin sirli aurası vardı. Çox sadə insan idi. Heç vaxt özünü çəkməzdi. “Mən dahi siyasətçiyəm, siz kimsiniz?” deməzdi heç vaxt.
- Bir vaxt Heydər Əliyevə qarşı mənfi münasibətdə olan insanlar vardı. O, hakimiyyətə qayıdandan sonra həmin insanlara qarşı hansı münasibət göstərdi?
- Heydər Əliyev ona qarşı qəddarlıq edən insanları belə, bağışlamağı bacarmışdı. Vaxt vardı onu Bakıya buraxmırdılar. 1990-cı ilin iyulunda Bakıya gələndə aeroportda ona qarşı izdiham yaratmışdılar. Bəzi qüvvələr tərəfindən onun ölmünə qərar verilmişdi. Naxçıvana gedib, orada sakit işləyəndə belə, Heydər Əliyevi rahat buraxmadılar. Ona qarşı dəfələrlə sui-qəsd təşkil olundu. Yadınızdadırsa, o zaman İsgəndər Həmidov Heydər Əliyevin alnından 2 güllə vuracağını demişdi. “Xalq Cəbhəsi”nin 24 oktyabr hadisələri və s. Heydər Əliyevi sındıra bilmədi.
- Bəzi tarixi şəxsiyyətlər, rəhbərlər müəyyən qəddarlıq xüsusiyyətlərinə malik olur. Sizin fikrinizcə, Heydər Əliyevdə belə xüsusiyyətlər sezilirdimi?
- Tarix boyu yadıma düşmür ki, Heydər Əliyev tərəfindən hansısa qəddar hərəkət olsun. Düzdür, belə fikirlər səslənir ki. onun vaxtında bəzi insanlar həbs olundu və müəyyən proseslər getdi. Gəlin baxaq ki, o zamanlar hansı proseslər gedirdi və hansı məhkəmələr idi. Bu insanlar 24 oktyabr 1992-ci ildə, istərsə də mart hadisələrində dövlətə qarşı çıxmışdılar. Özü də silahla çıxmışdılar. Ən pisi də odur ki, qan tökülmüşdü. Mən o dövrün canlı şahidiyəm. Mahir Cavadov və Rövşən Cavadovdan müsahibə götürmüşəm. Onların iddiaları böyük idi. Onlar xalqın ağır günündə hakimiyyət davasında idilər. Əlbəttə belə insanlar cəzalandırılmalıydı. Lakin heç bir halda insanlar siyasi baxışlarına görə təqib olunmayıblar. Əksinə olaraq, Heydər Əliyev hakimiyyətə gələndə hamını bağışlamışdı. Bəziləri qorxurdu ki, Heydər Əliyev hakimiyyətə gələndə, onlar cəzalanacaq. O insanlar ki, ona arxadan zərbə vurmuşdular, onlar təşvişə düşmüşdülər. Lakin gözlənilənlərin əksi baş verdi. Heydər Əliyev onları bağışladı, onlara şans verdi. Hətta belə insanlardan bəzilərinə vəzifə verildi. Heydər Əliyev yalnız düşmənə qəddar idi. Lakin heç vaxt siyasi openentlərinə qarşı qəddar olmayıb. O, siyasi rəqiblərilə də dialoqa girməyə çalışırdı. Lakin bəziləri bundan qorxurdular.
Yadınızdadırsa, 1998-ci ildə, prezident seçkiləri ərəfəsində Lalə Şövkət, Əli Kərimli və başqaları seçkilərə qatılmaq istəmirdilər. Heydər Əliyev çox maraqlı bir addım atdı. Özü onlara şəxsən məktubla müraciət etdi. Onları seçkilərdə iştirak etməyə dəvət etdi. Bunu heç kim etməzdi. Amma onlar bunu da qiymətləndirə bilmədilər. Axı hər kəs Heydər Əliyevin böyüklüyünü dərk edə bilməz.
- Yəqin ki, sizin Heydər Əliyevlə bağlı yadınızda qalan hadisələr çoxdur. Onlardan bəzilərini bizimlə paylaşmanızı istərdik.
- Heydər Əliyevlə bağlı yadda qalan maraqlı hadisələr çoxdu. Bir çox gülməli, dramatik. Üzücü hadisələr olub. Yadımdadır Mərakeşdəydik. Orda da biz jurnalistləri hər yerə buraxmırdılar. Biz bir qrup jurnalist yol ayrıcında dayanmışdıq. Heydər Əliyev də hansısa vacib bir görüşə gedirdi. Bizi gördü və o boyda böyük insan avtomobili saxlatdıraraq, maraqlandı ki, biz niyə yol kənarında dayanmışıq. Nə üçün baş tutacaq görüşə getməmişik. Onda belə bir həssaslıq vardı. Həmişə çalışırdı ki, biz jurnalistlər ikitərəfli görüşə onunla birlikdə gedək və tədbirin sonuna qədər orda olaq.
Lakin xarici ölkələrdə belə deyildi. Yadımdadır bir dəfə İtaliyada idik. Biz onunla səyahətə getmişdik. Həmişə Heydər Əliyevi jurnalist briqadası müşahidə edirdi. Getdiyimiz görüşlərdə bizi Senata buraxmadılar. Ora buraxmadılar, bura buraxmadılar. Axırda biz Heydər Əliyevə şikayət etdik. O da gülümsədi və dedi ki: “Elə bilirsiz hamı mənim kimi jurnalistlər üçün şərait yaradır?”. Heydər Əliyevin belə insanlarla xoş zarafatları vardı. Onun gərgin anlarda belə insanalrı rahatlaşdır biləcək rəftarı hər kəsi cazibəyə salırdı.
2001-ci ildə biz Türkmənistana getmişdik. Orada Türkmənbaşı müəyəyn qədər düzgün olmayan addımlar atdı. Bunun nəticəsi olaraq həmin görüşdə müəyəyn problemlər yarandı. Yadımdadır, Heydər Əliyev də həmin görüşdə çox dilxor idi. Biz qayıdan zaman, aeroportda təyyarədən enəndə biz jurnalistləri saxladılar. Bizdən soruşdular ki. Aşqabatda Heydər Əliyevlə birlikdə kim olubsa, prezident otağında həmin jurnalistləri gözləyir. Biz girdik onun otağına.
“Siz mənimlə artıq uzun illərdir səyahətlərdə olursuz. Bu vaxta qədər mən sizdən heç nə xahiş etməmişəm və heç bir yazınıza qarışmamışam. İndi isə mən sizdən bircə dəfə xahiş edirəm. Türkmənbaşı Saparmurad Niyazovdan heç nə yazmayın”.
Biz açığı təəccüb etdik. Bu zaman Heydər Əliyev bizə bildirdi ki, Türkmənbaşı Azərbaycan mətbuatından acıqlıdır. O, elə düşünür ki, Azərbaycan mətbuatı onun haqqında qərəzli məlumatlar yazır.
“Türkmənbaşı məndən xahiş etdi ki, mən azərbaycanlı jurnalistlərdən xahiş edim ki, onun haqqında yazmasınlar. Mən bildirəndə ki, Azərbaycanda kütləvi informasiya vasitələri azaddır, o, mənə inanmadı. Mən deyəndə ki, mənim haqqımda da mətbuatda hər gün tənqidi yazılar gedir, mənə inanmadı. Dedi ki, ola bilməz ki, sən prezident kimi mətbuata təzyiq edə bilmirsən. Bildirdim ki, 1998-ci ildən KİV-də senzura ləğv olunub, kim nə istəyir, onu yazır. Amma yenə də mən sizdən xahiş edirəm, heç olmasa siz onun haqqında, nə yaxşıya, nə pisliyə xəbər yazın. Qoy heç olmasa bu dəfə məndən inciməsin. Onsuz da məndən inciyib”, - deyə Heydər Əliyev gülümsəyərək bildirdi. Bax belə gülməli hadisələr də olub.
Heydər Əliyev həm öz komandasını, həm də özündən sonrakı nəsli öyrətdi ki, mətbuat nümayəndələri ilə necə işləmək lazımdır. Bu böyük bir dərs idi.
Modern.az