“Partiyalarla əməkdaşlıqla bağlı işlərimiz davam etdirilir. Təəssüflər olsun, seçkilər ərəfəsində istədiyimiz format baş tutmadı. Düzdür, müxalifət Milli Şura çərçivəsində təmərküzləşə bildi. Amma əsas müxalif qüvvələri bu quruma cəlb etmək mümkün olmadı. Bunun da obyektiv və subyektiv səbəbləri var”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə deyib. O bildirib ki, AMİP növbəti ildə partiyalarla əməkdaşlıq məsələsinə yenidən baxacaq: “Şübhəsiz, AMİP növbəti ildə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir, bu seçkilərdə öz tərəfdaşlarımızı, əməkdaşlıq etdiyimiz siyasi qüvvələri bir araya gətirmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.
A. Əlizadə “AMİP Milli Şuranın mitinqinə dəstək verəcəkmi” sualına belə cavab verib: “Milli Şuranın seçki ilə bağlı mitinqlərində bizim partiyanın da fəal üzvləri iştirak ediblər. Partiya üzvlərinə mitinqdə iştirakla bağlı heç bir qadağa qoyulmayıb. Növbəti mitinq də ölkədə qiymət artımı ilə əlaqədardır. AMİP-in üzvləri də həmin mitinqdə iştirak edə bilərlər”.
İlkin PİRƏLİ