Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə BMT-nin Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 ilinin tamam olması münasibəti ilə “Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları” mövzusunda konfrans keçirilib. Dövlət Komitəsinin binasında baş tutan konfransda DQİDK-nın sədri Elşad İskəndərov, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, ölkədəki dini konfessiyaların rəhbərləri, dini icma sədrləri və din xadimləri, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Konfransda DQİDK sədri Elşad İskəndərov bildirib ki, bu gün ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm addımlar atılıb. Dövlət Komitəsi 2012-2013-cü illər ərzində insan hüquqları ilə bağlı 50-ə yaxın tədbir həyata keçirib. Əsasən qadın din və haqları, dini və milli azlıqların, dini icmaların, dini icmaların uşaqlarının, xüsusilə də kimsəsiz uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.