Modern.az

103 xidmətinin “əsaslı dəlili”: “Yollarda tıxac olduğu üçün gecikirik”

103 xidmətinin “əsaslı dəlili”: “Yollarda tıxac olduğu üçün gecikirik”

Təhsil

16 Dekabr 2013, 11:18


103 xidməti artıq xeyli vaxtdır ki, Təcili və Tibbi Təxirəsalınmaz Yardım Stansiyası (TTTYS) adı ilə mərkəzləşdirilib. Gözlənilirdi ki, bundan sonra xidmətin keyfiyyəti yüksələcək. Lakin gerçək budur ki, təcili yardıma müraciət insan əsəbləri üçün əsl sınaqdır. Belə ki, xəstəni adı, soyadı, yaşı, ünvanı və şikayəti haqda məlumatın alınmasından sonra gözləri yolda qalan vətəndaşlar bəzi hallarda süründürməçiliyə dözməyərək özləri xəstələri xəstəxanaya çatdırmalı olurlar.

Modern.az-a daxil olan bu sayaq şikayətlərlə razılaşmayan TTTYS-in operativ şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirir ki, hər gün orta hesabla təcili tibbi yardıma 1000-1500 çağırış olur. Lakin hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq dekabrın 12-də zədələrlə bağlı çağırışlar bir qədər artıb. Lakin ümumən müraciətlərin ayında artım yoxdur. “Qış aylarında, xüsusilə, fevral-mart aylarında bu rəqəm 1800 olur”.

Z. Vahidovanın sözlərinə görə, TTTYS Bakı üzrə 11 rayona xidmət göstərilir. İşə gündəlik olaraq 135 həkim briqadası çıxır. 11 rayonda 20 stansiya yerləşir. Hər stansiyada 6-7 həkim briqadası çalışır. 103 xidmətinə Bakı üzrə 10 stansiya bağlanıb. Kənar stansiyalar hələ mərkəzin əhatə dairəsinə daxil deyil. Çağırışlar birbaşa 103-ə, həkimin planşetinə və həkimin ratsiyasına yönəlir. “Şəxsi maşınla heç bir həkimə xəstəni ünvana çatdırmağa icazə yoxdur. Stansiyada maşınlar əraziyə yaxın dayanır ki, ünvana vaxtında çatsın. Rayonlar üzrə edilən zənglər birbaşa 103-ə ötürülür. Qeyd etdiyiniz, yəni şikayət doğurmuş müraciətlər axşam vaxtı, hamının çağırışda olduğu vaxtda baş verə bilər“.

TTTYS səlahiyyətlisi bildirib ki, 103 xidməti sovet dövründəki təcili yardım sistemindən fərqlənir. “Əvvəl xəstə müxtəlif təyinatlı xəstəxanalara aparılırdısa, bu gün xəstənin istəyinə uyğun hərəkət edilir. Ayrı-ayrı ixtisaslaşmış xəstəxanaların təcili tibb yardımının işində də xeyli fərqlər var. Məsələn, o vaxt Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanası vardı. Xəstələr ora aparılırdı. Bu gün xəstə 1 saylı klinik xəstəxanaya gətirilir. Həmçinin bununla yanaşı şəhər xəstəxanasına, özəl xəstəxanalara aparılır”.

Z. Vahidova təcili yardım maşınlarının gecikməsini yollardakı tıxaclarla əlaqələndirir. “Modern maşınlarla təmin olunub bu problemi həll etmək üçün kifayət deyil. Yaxşı olar k, təcili yardım maşınları üçün xüsusi yollar ayrılsın. Çünki həkim gecikməsinin əsas səbəbi yollarda olan tıxaclardır. Təəssüf ki, bəzən bu həkimlərin səhlənkarlığı kimi qiymətləndirilir”.

 

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı