Modern.az

Hüquq müdafiəçilərin 3 qrupu: “Qarışqadan fil düzəldənlər” və... - Mövqe

Hüquq müdafiəçilərin 3 qrupu: “Qarışqadan fil düzəldənlər” və... - Mövqe

16 Dekabr 2013, 11:44


Azərbaycanda kifayət qədər hüquq müdafiəçisi olsa da, onların konkret vəzifəsi bəlli deyil. Demək olar ki, hər gün hüquq müdafiəçisi sahəsinə yeni adlar qoşulsa da ortaya heç bir iş qoya bilmirlər. Bəzən hüquq müdafiəçiləri arasında yaranan şəxsi ədavət onların iş həyatına da yansıyır. Hətta onlar siyahı tərtib edərkən belə, obyektiv yanaşmadan çox şəxsi fikirlərini ortaya qoyurlar. Məsələn, siyasi məhbuslarla bağlı siyahıda hüquq müdafiəçilərinin fərqli rəqəmlər göstərməsi onların işlərinə şübhə yaradır. Hələ heç bir məsələdə ortaq fikir nümayiş etdirmədiklərindən insan hüquqlarının qorunması ilə məşğul olan dəyərli insanlara inam azalır. 

Nədir bu problemin kökü? Modern.az bu sualla ekspertlərə müraciət edib.

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə problemin kökünü hüquq müdafiəçilərinin fərqli fikirlərdə olmağından irəli gəldiyini düşünür. Onun sözlərinə görə, hüquq müdafiəçiləri arasında Azərbaycanı və hakimiyyəti sevməyənlər olduğundan fikir ayrılıqlarının yaranması da normaldır. “Hüquq müdafiəçilərini 3 qrupa bölmək olar. Bunlardan eləsi var ki, bu dövləti sevmir. Onun üçün fərqi yoxdur, nə olur olsun, bu dövləti beynəlxalq aləmdə gözdən salmaq üçün kompüter arxasında oturub informasiya əldə edib həqiqət oldu- olmadı hesabat hazırlayıb xaricə göndərirlər. Digər hüquq müdafiəçiləri var ki, onlar siyasi təşkilatların təsiri altındadırlar və bu hakimiyyəti sevmirlər. Hakimiyyətin adına ləkə gətirə biləcək  hər şeyi şişirtməklə xaricə göndərməklə məşğuldurlar. Amma üçüncü qrup müdafiəçilərin siyasi ambisiyaları yoxdur. Onlar dövləti də, hakimiyyəti də sevirlər. Eyni zamanda bu dövlətdə insan haqlarının pozulmasını istəmirlər. Birinci iki qrupa mənsub olan şəxslər şəxsi münasibətlər, xüsusi sifarişlər, hakimiyyətə dövlətə olan neqativ münasibətləri zəminində istənilən siyahını şişirdərək xaricə göndərməklə məşğuldurlar. Amma üçüncü qrupda olanlar dövləti və hakimiyyəti sevənlər ölkədə baş verən hüquq pozuntularını saf-çürük edirlər, araşdırma aparırlar, bu pozuntunun nə qədər qanuna zidd olub-olmamasını müzakirə edirlər”.

Millət vəkili hakimiyyət və dövlət əleyhinə çıxış edən hüquq müdafiəçilərinin düzgün mövqedə olmadıqlarını və onların dövlətin imicinə zərər vurmaqla hansısa təşkilatlardan qrant, layihə almaq və ya hanısa maraqlara xidmət etməyinin yolverilməz olduğunu bildirdi. “Üçüncü qrupa aid etdiyim şəxslərin siyahısında 15 nəfərin adı olduğun halda birinci və ikinci qrup şəxslərin siyahısında 142-150 nəfərin adı hallanır. Bu şəxslər dövləti və hakimiyyəti sevməyən, əslində qarışqadan fil düzəldən, dövlətin mənafeyinə xələl gətirən insanlardır. Çox təəssüf ki, fərdlər və təşkilatlar arasında münasibətlər uçurum səviyyəsinə gəlib çatıb. Birincinin, ikinciyə, ikincinin üçüncüyə münasibətin pis olması da siyahıların şişirdilməsinə səbəb olur. Həmişə demişəm hüquq müdafiəçisi obyektiv, bitərəf olmalıdır. O, heç bir siyasi təşkilatların təsiri altında olmamalıdır. Ən əsası da hüquq müdafiəçisi Azərbaycan vətəndaşı olmasını unutmamalıdır. Bəzən də vətəndaşlıq mövqeyindən çıxış edərək bu cür neqativ hallara qarşı çıxmalıdır. Bu dövlət bizimdir. Hakimiyyət bütün dövlətlərdə olduğu kimi dəyişəndir amma dövlət əbədidir. Dövlətin imicinə zərər vurmaqla hansısa təşkilatlardan qrant, layihə almaq və ya hanısa maraqlara xidmət etmək yolverilməzidir. Hesab edirəm ki, siyasi hakimiyyət ambisiyası olmadan müstəqil olaraq hüquq müdafiəsi ilə məşğul olan üçüncü qrupa aid olan şəxslər daha doğru mövqedədirlər”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə hesab edir ki, Azərbaycanda hüquq müdafiəçiləri əksər məsələlərə şəxsi münasibətlər zəminində yanaşırlar. “Hüquq müdafiəçisi ilk olaraq məhkəmə praktikası nədir, Avropa Məhkəməsinin praktikası hansı meyarlara əsaslanır və s. bilməlidir. Hər hansı məsələni şəxsi münasibətlər zəminində qiymətləndirməməlidir. Çox təəssüf ki, Azərbaycan praktikasında hüquqşünaslar bəzi məsələlərə şəxsi müstəvidən baxırlar. Bəzi hüquq müdafiəçiləri elə hesab edirlər ki, onlar üçün siyasi məhbusun nə qədər çox olması onların fəaliyyətlərinin daha geniş açılmasına gətirib çıxarır. Onlar bir sıra beynəlxalq təşkilatlara müraciət edərək özünü təsdiq etmək və qrant layihələr almaq iddialarına düşürlər. Bəzi hallarda bir hüquq müdafiəçisi olaraq insan haqlarının qorunmasında ciddi bir nəticə əldə etməyənlərin də mükafat almasının şahidi oluruq. Hüquq müdafiəçiləri çox vaxt məhkəmə qərarlarından xəbərsiz bəzi kütləvi informasiya vasitələrində gedən məlumatları “copy-pass” etməklə məlumatlar hazırlayırlar. Şəxsi münaqişədə olduğu qurumlarla bağlı şişirdilmiş məlumatlar yayırlar. Hər şeydən əvvəl hüquq müdafiəçisi obyektiv olmalı hadisələrə obyektiv yanaşmalıdır. Çox təəssüf ki, Azərbaycanda bu meyarlara əməl etmirlər”.

Hüquq müdafiəçilərini qanunlardan və qanunvericiliyə edilən dəyişikliklərdən xəbərsiz olmaqda günahlandıran Ə. Nuriyevin sözlərinə görə, yeni nəsil hüquq müdafiəçiləri yaranarkən hər şeydən əvvəl şayiələrə əsaslanaraq öz mövqelərini formalaşdırmamalıdırlar. Hüquqşünas deyir ki, maddi maraqların da böyük rol oynadığı bu sahədə maddi maraqlar və daha çox cəmiyyətdəki nüfuzu ilə seçilənlər siyahıya düşmək imkanı əldə edir. “Bir nəfərin maddi baxımı və ya cəmiyyətdə bir balaca nüfuzu olan bir şəxsin hansına hüququ haqlı və ya haqsız formada pozulursa, o dəqiqə həmin şəxsin hüquqlarını müdafiə edənlər peyda olur. Halbuki hüquq müdafiəçisi bunlara fərq qoymamalıdır. Təəssüf ki, bu məqamlar da nəzərə alınmır. Siyahı məsələsində çox vaxt ayrı-ayrı şəxslərin etdiyi cinayətin motivləri tənzimlənmir. Daha çox həmin şəxsin pul kisəsi və ya cəmiyyətdəki nüfuzu əsas götürülür. Hesab edirəm ki, siyahıya düşmə məsələsi də çox vaxt həmin şəxslərin yaxınlarının səxavətindən asılı olur”.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı