Modern.az

Aida Mahmudovanın əsəri daha bir hüquq kitabına xüsusi dizayn verdi

Aida Mahmudovanın əsəri daha bir hüquq kitabına xüsusi dizayn verdi

Təhsil

16 Dekabr 2013, 12:36


“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı işlərə dair qərarlarının toplusu” 1000 tirajla nəşr olunub. Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Gənc Hüquqşünaslar Birliyini tərəfindən hazırlanan kitab Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.

Nəşr olunan kitabın cildini YARAT Müasir İncəsənət Məkanının təsisçisi və tanınmış gənc rəssam Aida Mahmudovanın əsəri bəzəyir. Abşeron silsiləsindən olan və “Pirşağı” adlanan əsər 2012-cü ildə kətan üzərində yağlı boya ilə çəkilmiş və 120 x 145 sm ölçüdədir.

Aida Mahmudova Londondakı “Central Saint Martins” Kollecində incəsənət ixtisası üzrə təhsil alıb. Hazırda o öz vaxtını Bakı və London arasında bölüşdürür. İşləri beynəlxalq sərgilərdə nümayiş etdirilir. O, rəngkarlıqdan tutmuş video-instalyasiyaya kimi müxtəlif üsullardan istifadə edir. A.Mahmudova Azərbaycanın müasir incəsənətinə milli və beynəlxalq səviyyədə dəstək göstərmək məqsədilə 2011-ci ildə YARAT təşkilatının əsasını qoyub.

Kitabın hazırlanması üzrə məsləhətçilər hüquq üzrə fəlsəfə doktoru, AHK-nın sədri, millət vəkili Əli Hüseynli, AHK-nın idarə heyətinin üzvü, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Bela İsmayılovadır. Nəşrə məsul şəxs isə hüquq üzrə fəlsəfə doktoru, AHK-nın sədr müavini  Nadir Adilovdur.

Nəşr hakimlər, hakimliyə namizədlər, prokurorlar, vəkillər, gənc hüquqşünaslar və o cümlədən geniş hüquq ictimaiyyəti üçün nəzərdə tutulmuşdur və pulsuz yayılır.



Modern.az

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı