Müharibə və əmək veteranlarından ibarət nümayəndə heyəti Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad ediblər.
Heydər Əliyev Mərkəzindən Trend-ə bildirilib ki, müharibə və əmək veteranları əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Veteranlara muzey barəsində, burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan haqqında toplanmış foto və videomateriallar, müxtəlif eksponatlar barədə məlumat verilib.
Bildirilib ki, 2013-cü il may ayından fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyatı və Azərbaycanın müxtəlif dönəmlərini əks etdirən foto-videomateriallar, unikal eksponatlar sərgilənir. Buradakı hər bir eksponat Heydər Əliyev irsinin və ümumilikdə Azərbaycan tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Veteranlara Muzeydə Heydər Əliyevin uşaqlığı, orta və ali məktəbdə təhsil aldığı illər, Sovetlər dönəmindəki siyasi fəaliyyəti və müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edən bölmələr, eləcə də burada nümayiş olunan media-arxiv barəsində məlumat verilib. Qeyd edilib ki, Muzey uşaqdan böyüyə hər bir kəsin-yerli sakinlər və qonaqlar arasında böyük marağa səbəb olub.
Veteranlar Muzeydə Azərbaycan tarixi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin yaşadılmasının gələcək nəsillər üçün əhəmiyyətli olduğunu xüsusi qeyd ediblər.
Qonaqlar daha sonra Heydər Əliyev Mərkəzi, buradakı sərgi zalları ilə də tanış olublar.
Modern.az