Modern.az

“Tərəflər danışıqları intensivləşdirməyə çalışırlar” - ATƏT həmsədrlərinin səfərinə ŞƏRH

“Tərəflər danışıqları intensivləşdirməyə çalışırlar” - ATƏT həmsədrlərinin səfərinə ŞƏRH

16 Dekabr 2013, 13:30


“Bu, sıradan bir səfərdir. Hələ ki irəliləyiş əldə olunmayıb”. Bunu Modern.az-a Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrlərinin Bakıya səfərini şərh edərkən bildirib ki, tərəflər danışıqları intensivləşdirməyə çalışırlar:

“Bölgəyə səfər də bununla bağlıdır. Amma bu o demək deyil ki, real bir nəticədən danışa bilərik. Çünki tərəflər arasındakı fərq aradan qaldırılmayıb. Növbəti ildə də danışıqları intensivləşdirəcəklər, fikir mübadilələri genişlənəcək. Amma 20 il müddətində belə hallar dəfələrlə olub. Müəyyən vaxt ərzində danışıqlar prosesi dayandırılıb, sonradan proses yenidən canlandırılıb, nazirlər, prezidentlər səviyyəsində görüşlər keçirilib. Hər zaman da görmüşük ki, prosesdəki canlanma da münaqişənin həlli edilməsinə gətirib çıxarmayıb. Əksinə, bu canlanmanın nəticəsi olmayıb və tərəflər pessimizmə düşüblər. Hər şey olduğu kimi qalıb, yəni heç bir əlamət yoxdur ki, Ermənistan geri addım atacaq”.

E. Şahinoğlu qeyd edib ki, böyük dövlətlər Ermənistana təzyiq etməyincə görüşlər nə qədər intensivləşsə də, nəticəsi olmayacaq.

Qeyd edək ki, dekabrın 15-də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycana səfər edib. Həmsədrlər həmin gün prezident İlham Əliyevlə görüşüblər.

İlkin PİRƏLİ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı