Bu gün Muasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti və rayon təşkilat sədrlərinin iştirakı ilə toplantı keçirilib.
Partiyadan Modern.az-a bildirilib ki, toplantıda ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib və bu hadisələrə siyasi qiymət verilib. Əsas diqqət Milli Şuranın bazar günü keçirdiyi mitinqə yönəldilib. Aksiyanın video görüntülərinə baxış keçirən toplantı iştirakçıları mitinq haqqında öz fikirlərini səsləndiriblər.
MMP sədri Hafiz Hacıyev qeyd edib ki, “illərdir müxtəlif adlar altında, bu günsə Milli Şura adı ilə çıxış edən,partiyaların nə seçki-mitinq taktikası, nə şüarları dəyişir. Təxminən eyni partiyalar, eyni simalar, eyni şüarlar, dəyişən təkcə tarixdir. Dəfələrlə mətbuat vastəsi ilə bəyan etmişəm ki, bu insanlar siyasi “moşşenik”lərdirlər keçiblər bu cəmiyyətin boğazına, hərəsi 4-5 mənbədən maliyələşir. Xalqın mənafeyi onları qətiyyən maraqlandırmır”.
Sonra toplantıda həmin mitinqin şüarlarına etiraz edilib. MMP-çilər MŞ-nın dünənki mitinqində prezident İlham Əliyevin ünvanına səslənən şüarları tənqid ediblər. Onlar ölkədə baş verən bütün hadisələri ölkə prezidenti ilə əlaqələndirənləri yerində oturtmaq üçün qəti qərar verməyin lazım olduğunu vurqulayıblar. Toplantıda Mili Şuraya hakimiyyət daxilindən dəstək verən və ölkədə xaos yaradaraq, öz kreslolarını saxlamağa çalışan məmurlar haqqında da müxtəlif fikirlər səslənib.
Toplantıda qərara alınıb ki, mitinqin əsas təşkilatçısı olan AXCP sədri Əli Kərimli haqda qərar qəbul edilsin. Təklif hamı tərəfindən bəyənilib və qərar qəbul edilib. Qərarın detalları haqda hələlik heç bir açıqlama verilməyib.
Partiyanın mətbuat xidməti “çox güman ki, bu, MMP-çilər tərəfindən qəbul edilən amansız qərardr”-deyə bəyan edib.