Modern.az

Qarabağ Azadlıq Təşkilatı Təbrizdə Qarabağ tədbirləri keçirib

Qarabağ Azadlıq Təşkilatı Təbrizdə Qarabağ tədbirləri keçirib

16 Dekabr 2013, 14:59

Qarabağ Azadlıq Təşkilatının  sədri Akif Nağı və Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli İranın Təbriz şəhərinə 4 günlük səfərdən qayıdıblar. Onlar səfər zamanı çoxsaylı konfrans, görüş və digər tədbirlər keçiriblər. Təbriz Universitetinin təşkilatçılığı ilə Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar Mərkəzində “İslam dünyası və Qarabağ” adlı elmi-praktiki konfrans keçirilib. Konfransda Akif Nağı, Rövşən Əhmədli, doktor-professor Məhəmməd Əli Pərğu, doktor-professor Məhəmməd Əli Mütəfəkkiriazad, doktor-professor Səlim Asizadə, doktor Həsən Quli-Qədimi, doktor Mehdi Nalbəndi və digərləri çıxış ediblər. Çıxışlarda Qarabağ münaqişəsinin bütün islam dünyasının problemi olduğu, hər bir dövlətin,  cəmiyyətlərin bu təcavüzün nəticələrinin aradan qaldırılması üçün birgə səy göstərməsinin vacibliyi vurğulanıb. Təbriz Universitetinin rəhbərliyi “Beynəlxalq Qarabağ  konfransı. Məqalələrin tezisləri” adlı kitabın təqdimatını da keçirib. Azərbaycan və fars dillərində hazırlanmış kitaba İran və Azərbaycandan olan müəlliflərin əsərləri  daxil edilib. Konfransın təşkilində iştirak edən şəxslər diplomlarla təltif olunublar. Beynəlxalq Qarabağ konfransına hazırlıq işlərinin davam etdirilməsi qərara alınıb.

İran Milli Arxivinin Təbrizdə yerləşən Qədim Əlyazmalar Mərkəzi, Azərbaycan Muzeyi və digər mədəniyyət ocaqları, tarixi yerlər ziyarət olunub, maraqlı və nadir eksponatlarla tanışlıq olub, mərkəzin rəhbəri, doktor Əziz Cavanpur Heravi, qədim əlyazmalar üzrə mütəxəsis Hüseyn Mirfəxrayi, gənc tədqiqatçılar Yaqub Salehi, Əli Ərdəbili ilə müzakirələr aparılıb. Daha sonra Akif Nağı və Rövşən Əhmədli “Oyaq Təbriz”, “İslam İnqilabi və Mədəniyyətin Təbliği” və digər Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşüblər. QHT təmsilçiləri bildiriblər ki, istənilən an Qarabağda savaşa qatılmağa hazırdırlar. QHT təmsilçiləri Ruhulla Rəşidi, Hamid Hamidi, Behzad Aledi, Nəqi Fəsbax, Abdulla Musəvian və digərləri maraqlı təkliflərlə çıxış ediblər. Tədbir iştirakçıları Təbrizdə Qarabağlılar küçəsi və Qarabağlılar məscidinin olmasını xüsusi fəxrlə vurğuladılar. “Oyaq Təbriz” təşkilatının  üzvləri eyni adlı fars və ingilis dilində internet saytlarının (www.tabrizebidar.ir) olduğunu və yaxın günlərdə latın qrafikasında Azərbaycan bölümünü istifadəyə verəcəklərini bildirdilər. Tədbirdə iştirak edən Xorasanlı gənc tədqiqatçı Omid Rahimi özünün hazırladığı ingilis və Azərbaycan (latın qrafikasında) dilində www.qarabaghnews.com saytını təqdim edib.

Səfər yerli mətbuatın da diqqət mərkəzində olub. “Səhər” telekanalı və Təbriz radiosunda səfərlə bağlı geniş reportaj verilib. Xüsusi olaraq Ərdəbildən gəlmiş “Savalan” telekanalı 2 saatlıq veriliş üçün çəkilişlər aparıb, digər mətbuat orqanları da, o cümlədən internet saytları ətraflı məlumatlar veriblər.

 Səfərin sonunda Qarabağ həqiqətlərinin təbliği, islam dünyasında Azərbaycanın haqq işinə dəstəyin gücləndirilməsi, Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi istiqamətlərində birgə fəaliyyət üçün bir sıra razılaşmalar əldə olunub. Konkret olaraq, “İslam dünyası və Qarabağ” mövzusunda müsəlman ölkələrində silsilə tədbirlərin keçirilməsi, İran və Azərbaycanın alimləri, media təmsilçiləri, QHT nümayəndələri və digər qrupların iştirakı ilə Bakıda, Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə birgə tədbirlərin keçirilməsi, İranda Qarabağ adına QHT və saytların yaradılması və genişləndirilməsi, Universitetlərdə Qarabağ güşələrinin yaradılması kimi işlər razılaşdırılıb.  İlk olaraq yaxın vaxtlarda Bakıda “Qarabağ məsələsinə İran alimlərinin baxışı” adlı elmi-praktiki konfransın keçirilməsinə dair qərar qəbul olunub.




Modern.az

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı