“Müsavatla VHP arasında görüşlər planlaşdırılmır. Müsavat rəhbərliyi Milli Şuranı təsis edən təşkilatlarla danışıqlar aparır”.
Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib. O bildirib ki, Müsavat Partiyasının keçirdiyi görüşlərin məqsədi bəlli deyil:
“Nəticəsini gözləyirəm. Görüşlərini başa çatdırsınlar, sonra fikirlərimizi bildirərik. Sözün düzü, belə görüşlərin keçirilməsinə ehtiyac görmürəm. Təbii ki, görüşlər keçirilirsə, nəyəsə xidmət edir. Əgər məqsəd əməkdaşlıqdırsa, bunu Milli Şura daxilində edirik. Partiyalararası müqavilələrin imzalanmasına nədən ehtiyac duyulduğunu bilmirəm”.
Qeyd edək ki, ötən həftə Müsavat Partiyasının Divan iclasında qərara alınıb ki, demokratik düşərgənin əməkdaşlıq imkanları və perspektivləri barədə ikitərəfli və çoxtərəfli məsləhətləşmələr aparılsın. Artıq, Müsavat Partiyası bu istiqamətdə Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ilə müzakirələr aparıb. Növbəti görüş isə “El” Hərəkatının nümayəndələri ilə keçiriləcək.
İlkin PİRƏLİ