Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb. Belə ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.
Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə aşağıdakı çağırışçılar xidmət edəcəklər:
- Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplayanlar;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər;
- Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları.
Yeni qərar ali təhsil müəssisələrində hərbi kafedraların yenidən açılması məsələsini gündəmə gətirib.
Qeyd edək ki, vaxtilə Azərbaycan universitetlərində hərbi kafedralar fəaliyyət göstərirdi. Həmin kafedraların sayəsində ali məktəb tələbələri ilkin hərbi biliklərə yiyələnirdilər. Sözügedən kafedraların fəaliyyət göstərdiyi ali təhsil ocaqlarını bitirən tələbələr hətta hərbi xidmətdən azad edilirdi. Sonradan hərbi kafedralar fəaliyyətini dayandırdı.
Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, universitetlərdə hərbi kafedraların yaradılması olduqca önəmli məsələdir:
“Düzdür, bu gün bizim təhsil sistemimiz dəyişib, nəsə etmək çətindir. Hesab edirəm ki, öz milli təhsil sistemimizi qurmaq barədə düşünməliyik. Bu mənada reallıq nəzərə alınaraq hərbi kafedraların bərpası məsələsi diqqətdə saxlanılmalıdır. Bu bizim gənclərin inkişafına, vətənpərvər ruhda tərbiyəsinə töhfə verə bilər".
Millət vəkili qeyd edib ki, bu gün universitetlərdə ideologiyadan, tərbiyədən çox danışılır: “Hərbi kafedralar tələbələrin, gənclərin vətənpərvər ruhda tərbiyəsinə də öz töhfəsini verə bilər. Bu kafedralar həm də gənclərin mənəvi hazırlığında dəstək rolunu da oynaya bilər. Biz bu barədə düşünməliyik. Məncə bu kafedraların ləğv edilməsi özü yanlış qərar idi”.
Hərbi ekspert Şair Ramaldanov isə deyir ki, bu məsələ ilə bağlı hər dövlətin öz siyasəti var:
“Həmin siyasətə uyğun olaraq hədəflər müəyyənləşdirilir. Əlbəttə o hədəflərə çatmaq üçün üsullar və vasitələr tərtib olunur. Hazırda ölkəmizdə orta məktəbdə “çağırışaqədərki hərbi hazırlıq” dərsləri tədris olunur. Bunun davamı olaraq ali məktəblərdə bakalavr təhsili verən ali məktəblərdə hərbi kafedraların olmasına mənim mövqeyim müsbətdir. Əsas hərbi kafedranın yaranması deyil, əsas odur ki, həmin qurum qarşıda qoyulan hədəfə nail ola bilsin”.
Ekspert qeyd edib ki, sözügedən kafedralar ehtiyat zabit hazırlığı ilə məşğul olur:
“Müəyyən sınaqdan keçəndən sonra proqramın sonunda tələbələrə zabit rütbəsi verilir və ehtiyatda olan zabit statusu alırlar. Sonra isə müəyyən kurslarda, tədbirlərdə onların təcrübə keçməsi, praktiki göstəricilərin yaxşılaşdırılması həyata keçirilir. Azərbaycanda 3 aylıq kurslar nəzərdə tutulub ki, kursu başa vuranlar zabit olaraq 1 il yarım müddətində xidmət edirlər. Əgər bizim əsas məqsədimiz ehtiyatda olan zabitlərin lazım olan keyfiyyətlərə cavab verməsidirsə, bunu bakalavr ali hərbi təhsili ilə də əldə etmək olar. Əgər dərs keçən mütəxəssislər olsa, yetərli qədər baza yaransa, 3 aylıq kurs yerinə 4-5 il hərbi kafedrada hərbi elmə lazım olan proqram əsasında biliyə sahib olması üstündür.
Biz professional ordu istiqamətində hərəkət edirik. Belə olduğu halda müqavilə əsasında bir çox vəzifələr həyata keçirilir. Bu zaman bakalavr təhsilli olanlar da atıcı olaraq xidmət edə bilir. Belə olduğu halda onlar müəyyən kursdan keçmir. Hər zaman belə olub ki, ali savadlı şəxslər zabit kimi fəaliyyət göstəriblər. Onların aldığı təhsil zabit vəzifəsini yerinə yetirməyə imkan verib. Ona görə də düşünürəm ki, hərbi kafedraların ali məktəblərdə olmasında pis heçnə yoxdur. Azərbaycanda tələbələrin gələcəkdə savadlı, bu sahədə müəyyən proqram tələblərinə cavab verən və lazımi bazaya sahib müəssisədə təhsil almasının mənfi tərəfi yoxdur. Ehtiyac olarsa həmin şəxslər gələcəkdə zabit kimi fəaliyyət göstərər, olmazsa da ehtiyat zabit korpusunu tamamlayarlar. Ona görə də orta məktəblərdə keçilən digər fənlər kimi hərbi fənnin də ali məktəbdə davam etməsi Azərbaycana heç də ziyan olmaz”.