Kiçik və böyük summativ qiymətləndirmələr müvafiq dövr ərzində Nazirlər Kabinetinin qərarı əsasında keçirilir. Burada məqsəd şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsidir.
Bunu Modern.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.
O qeyd edib ki, summativ qiymətləndirmələrin keçirilməsi zamanı istifadə olunan kağız daşıyıcılar və digər ləvazimatların qarşılanması dövlət büdcəsi yaxud müvafiq təhsil müəssisəsinin büdcəsi hesabına həll olunmalıdır.
"Amma biz bəzi hallarda müşahidə edirik ki, burada müəyyən pul yığma hadisəsi baş verir. Bəzi şəxslər şagirdlərdən 1 manat, 3 manat yaxud müxtəlif məbləğlərdə pul yığırlar. Əslində isə bu doğru deyil, sözügedən ləvazimatlar təhsil müəssisəsi tərəfindən təmin olunmalıdır”.
E.Əfəndinin sözlərinə görə, istisna hal kimi könüllü ianə ola bilər ki, bu, qanun pozuntusu sayılmır:
“Əgər təhsil müəssisəsi lazımi xərcləri qarşılaya bilmirsə, kiminsə könüllü şəkildə ianə etməsi qanunvericiliyin tələbinin pozulmaması deməkdir. Təhsil haqqında qanunvericilikdə də bu öz əksini tapıb. Amma bunu bütün şagirdlərin valideynlərindən yığmaq doğru deyil”.
Müsahibimiz sonda qeyd edib ki, belə halla rastlaşdıqda müvafiq quruma müraciət etmək lazımdır:
“Əgər bu hal paytaxt məktəbində baş veribsə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, region məktəbidirsə regional təhsil idarələrinə sonrakı instansiya üzrə isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət edə bilərlər. Qeyd etdiyim qurumlarda şikayətə baxılmazsa vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət etməlidir”.