Azərbaycanda son illər məktəblərin direktorları müsabiqə yolu ilə təyin olunur. Direktorların işə qəbulu dörd mərhələdən (elektron ərizələrin qəbulu, yazılı imtahan, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət müsabiqə yolu ilə keçirilir.
Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev də direktorların təyinatında yaşanan çətinliklərdən danışıb. "Bəzi hallarda məktəbdə işləyəcək direktorluğa namizəd olacaq şəxs tapmaqda çətinlik çəkirik", - o deyib. Nazirin sözlətinə görə, hazırda direktor qəbulu üçün minimal sayda vakansiya elan edilib:
"Məktəblərin sayı 4400 olanda bu 44 nəfər, təxminən 1% edir. Bu rəqəm sizə böyük gələ bilər. Lakin faiz nöqteyi-nəzərindən vakansiya 5-6 faiz olacaq, bu isə haradasa bir neçə yüz nəfər deməkdir. Bunun qarşısı alınmazdır. Əsas olan odur ki, bizim qaydamız, prosedurumuz var və ona uyğun olaraq prosesi davam etdiririk".
Modern.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov direktor təyinatı ilə bağlı çətinlikləri struktur və idarəçilik boşluqları ilə əlaqələndirir.
"Yaxşı direktor, təkcə inzibati bacarıqlara deyil, həm də təhsilin keyfiyyətini yüksəltmək, müəllimləri və şagirdləri motivasiya etmək, məktəbdə sağlam mühit yaratmaq bacarığına malik şəxsdir. Bu gün təhsil sahəsində müasir yanaşmaları, psixologiyanı, pedaqogikanı bilən, texnologiyalardan istifadə edən və innovativ düşüncə tərzi olan rəhbərlər yetişdirmək əsas prioritetdir. Yaxşı direktor, məktəbdəki təhsil prosesini effektiv idarə edir, valideynləri təhsilə cəlb edir, məktəbdə sağlam əxlaqi dəyərlər yaradır və uşaqların gələcəyinə müsbət təsir göstərir. Belə direktor həm pedaqoji sahədə bilikli olmalı, həm də idarəetmə bacarıqlarına malik olmalıdır", - o, "yaxşı direktor nə deməkdir?" sualına belə cavab verib.
Qeyd edək ki, Azərbaycanda 4400-dən çox orta məktəb var. Ancaq onlarla orta məktəbdə direktor vəzifəsi boşdur. Onların vəzifələrini direktor müavinləri müvəqqəti icra edirlər. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun bu gün verdiyi məlumata görə, agentliyin fəaliyyəti dövründə ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 134 nəfər direktor və direktor müavini işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq, şiddətli töhmət verilib.
Ekspertin sözlərinə görə, məktəb direktorları tapmaqda çətinliklərin əsas səbəblərindən biri təhsil sahəsində rəhbər vəzifələrə hazırlıqlı kadrların məhdud olmasıdır:
“Müəllimlər arasında rəhbər vəzifəyə keçmək arzusunda olanlar azdır, çünki bu vəzifə çox böyük məsuliyyət və fədakarlıq tələb edir. Eyni zamanda, direktor vəzifəsinin həm maddi baxımdan, həm də sosial status baxımından yetərincə stimullaşdırılmaması, bu sahədə kadr çatışmazlığına səbəb olur. Bir çox müəllimlər yüksək məsuliyyət daşıyan bu vəzifəyə görə ödəmələrin az olmasından narazıdır və bu səbəbdən direktor vəzifəsinə maraq göstərmirlər. Direktorların yetişdirilməsi prosesi də sistemin özündə ciddi boşluqlarla müşahidə olunur. Bu gün Azərbaycanda direktor təlimləri mövcuddur, lakin onlar tez-tez nəzəriyyəyə yönəlmiş və tətbiqi bacarıqlardan kənar olur. Direktor namizədlərinin yalnız bir neçə günlük kurslarla və ya qısa müddətli təlimlərlə hazırlandıqları halda, onların çətin məktəb problemlərinə uzunmüddətli həll yolları tapa biləcəklərinə inanmaq çətindir. Müasir məktəb idarəetməsi, yalnız biliklərlə deyil, həm də sosial emosional bacarıqlarla təmin olunmuş, uşaqların psixoloji ehtiyaclarını nəzərə alan peşəkar kadrları tələb edir”.
K.Əsədov qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində məktəb direktorlarının seçimi və hazırlanması üçün xüsusi proqramlar və təcrübə modelləri tətbiq edilir: "Məsələn, Finlandiyada və ya Sinqapurda direktor namizədləri uzunmüddətli kurslardan keçir və bu təlimlər çərçivəsində liderlik, psixologiya, idarəetmə və təhsil texnologiyaları sahəsində praktiki bacarıqlar qazanır. Həmçinin, bu ölkələrdə direktorların təyin olunma prosesi ciddi şəkildə tənzimlənir və direktor olmaq istəyənlər dərin hazırlıq mərhələsindən keçir".
O vurğulayıb ki, Azərbaycanda yaxşı direktor yetişdirmək üçün sistemli yanaşma tələb olunur: "Bu məqsədlə, direktor təyin olunma prosesi şəffaf və açıq olmalı, namizədlərin yalnız peşəkar bilikləri deyil, həm də şəxsiyyətləri və dəyərləri nəzərə alınmalıdır. Bundan başqa, direktorların təlimi genişləndirilməli, təlimlər tətbiqi və praktiki yönümlü olmalıdır".
Ekspert bildirib ki, direktorların motivasiyasının artırılması üçün onların maddi stimullaşdırılması və sosial statuslarının yüksəldilməsi də vacibdir: “Azərbaycanda direktorların maaşı çox vaxt onların yükünü və məsuliyyətini əks etdirmir. Əgər dövlət tərəfindən direktor maaşları artırılsa və onların səmərəli işlərinə görə əlavə ödənişlər təmin edilsə, bu, təhsil sahəsində daha çox müəllimin rəhbər vəzifələrə yönəlməsinə təkan verə bilər".