Dekabrın 20-də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının yeni ofisinin açılışı ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə tədbir keçirilib. Səfirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə Serbiya parlamentinin deputatları, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, eləcə də Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, dövlət rəsmiləri, Serbiya Ticarət Palatasının və Belqrad şəhər Mədəniyyət Mərkəzinin təmsilçiləri, Serbiya ictimaiyyətinin üzvləri, səfirliyimizin əməkdaşları və onların ailə üzvləri, Serbiyada yaşayan həmvətənlərimiz və yerli KİV nümayəndələri iştirak edib.
Əvvəlcə Belqrad Mədəniyyət Mərkəzi ilə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. İmzalanma mərasimin ardınca çıxış edən səfir Eldar Həsənov yeni ofisin açılışı münasibəti ilə həm Mərkəzin, həm də Palatanın əməkdaşlarını təbrik edib. Səfir strateji tərəfdaş Azərbaycan və Serbiya xalqları arasında mədəni-humanitar, eləcə də iqtisadi-ticarət sahədə əməkdaşlığın dərinləşdirilməsində Mərkəz və Palatanın əməkdaşlarına uğurlar arzulayıb.
E.Həsənov Azərbaycan və serb xalqlarını bənzər tarixi keçmiş və ərazi bütövlüyünə təcavüz problemi daha çox yaxınlaşdırdığını vurğulayıb. O hər iki xalqın bir neçə əsr müxtəlif imperiyaların tərkibində yaşamalarına baxmayaraq, öz kimliklərini, milli-mənəvi dəyərlərini və maddi-mədəni irslərini qoruduqlarını, hər zaman müstəqillik arzusu ilə yaşadıqlarını və xalqın dönməz iradəsi nəticəsində buna nail olduqlarını qeyd edib.
Sonra Belqrad Mədəniyyət Mərkəzinin sədri Mia David, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadə və Serbiya-Azərbaycan Ticarət Palatasının sədri Miroslav Çernoqorats çıxış edib.
Çıxışlar yekunlaşdıqdan sonra Novi Sad Dram Akademiyasının assistenti, serb incəsənət xadimi Viyoletta Mitroviç Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən serb dilində hazırladığı bir parçanı nümayiş etdirib.
Tədbir iştirakçılarına səfirliyimizin dəstəyi ilə serb dilinə tərcümə edilmiş Azərbaycan ədiblərinin kitabları hədiyyə edilib. Tədbir Serbiya KİV-də geniş işıqlandırılıb.
Modern.az