Dekabr 22-si tarixdə iz qoymuş bir sıra məşhur insanlarla bağlı yaddaqalan gündür. Bu günün ölməz qəhrəman Mehdi Hüseynzadə, görkəmli rejissor Həsən Seyidbəyli, habelə rumın diktator Nikolae Çauşesku, məşhur sovet yazıçısı Nikolay Ostrovskiyə aidiyyatı var.
“Mixaylo” təxəllüslü Mehdi Hüseynzadə vətənimizdən çox uzaqlarda faşist düşərgəsində ağır işgəncələrə mətanətlə sinə gərmiş, sonra əsir düşərgəsindən qaçıb partizan dəstəsinə qoşularaq düşmənə qarşı mübarizə aparıb.
O, 1989-ci ildə Bakıda anadan olub. 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub və oranı bitirib. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirib.
Böyük Vətən Müharibəsi başlananda müharibəyə yollanan Mehdi 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanıb və faşistlər tərəfindən əsir alınıb. 1943-cü ilin sonlarında Mehdi bir dəstə azərbaycanlı əsirlə faşist əsarətindən qaçıb.
O, Yuqoslaviya və İtaliya partizanlarına qoşularaq Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşviyyat dəstəsini yaradıb.
“Mixaylo”nun faşistlərə vurduğu zərbələr hələ də dilləır əzbəridir.
1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən alman döyüşçülərlə üz-üzə gəlib. Bu qeyri-bərabər döyüşdə o, qəhrəmanlıqla həlak olub.
1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Yazıçılar İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahiilərdə" povestində Mehdi Hüseynzadənin bədii surətini yaradıblar. Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edən "Uzaq sahillərdə" bədii film çəkilib.
Rejissor, ssenarist, yazıçı Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə doğulub. 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun kinorejissorluq fakultəsində təhsil alıb.
"Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinomatoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. Bir neçə kitabın müəllifidir. Filmləri Ümumittifaq Kino festivallarında priz və diplomlara layiq görülüb. Azərbaycanın xalq artisti H.Seyidbəyli 25 iyun 1980-ci ildə vəfat edib.
Onun çəkdiyi xeyli məşhur film var:
“Bizim Cəbiş müəllim”, “Qızmar Günəş altında”, “Nəsimi”, “O qızı tapın”, “Sən niyə susursan”, “Telefonçu qız”, “Uzaq sahillərdə” belə məşhur filmlərdəndir.
22 dekabr tarixində 24 illik hakimiyyətdən sonra Rumıniya Kommunist partiyasının rəhbəri Nikolae Çauşesku devrilib. Bu hadisə 1989-cu ildə baş verib.
Həmin ildə Rumıniyada şaxtaçıların etiraz aksiyası böyüyərək hakimiyyətə qarşı böyük etirazlara çevrilib. Kommunist diktator Çauşesku onun hakimiyyətinə qarşı çıxan nümayişçilərin güllələnməsinə əmr verib və nəticədə yüzlərlə adam həlak olub.
Lakin bu addım etiraz dalğasını daha da gücləndirib və bir neçə gün sonra Çauşeskunun sarayını nümayişçilər ələ keçirib. Şərqi Avropada ilk dəfə hakimiyyət küçə nümayişləri ilə devrilib. Nikolae Çauşesku arvadı Yelena ilə birgə qaçmaq istəyən yaxalanıb. 25 dekabr 1989-cu ildə keçirilən və Rumıniya televiziyası ilə yayımlanan qısa müddətli məhkəmə prosesində Çauşeskular soyqırımında təqsirli bilinərək ölüm cəzasına məhkum ediliblər. Hökm dərhal yerinə yetirilib onlar Buxarest yaxınlığında güllələnib.
Vaxtilə bütün SSRİ məkanında sovet adamlarının sevərək oxuduğu "Polad necə bərkidi" romanının müəllifi Nikolay Ostrovskinin ölüm günüdür.
Nikolay Alekseyeviç Ostrovski 16 sentyabr 1904-cü ildə Ukraynada doğulub. Uşaqlığı yoxsulluq içində keçən Ostrovski gəncliyində Qızıl Ordu sıralarında Vətəndaş müharibəsində iştirak edib.
Yzıçı 1935-ci ildə Lenin ordeninə layiq görülüb.
Ostrovskinin ən məşhur əsəri olan"Polad necə bərkidi" romanının baş qəhrəmanı Pavel Korçagin sosializm idealı, proleter əxlaqını özündə tərənnüm etdirir. Bu obraz sovet adamları arasında çox məşhur idi və sosialist əməyin, iş əzminin simvollarından biri halına gəlmişdi. 1956-cı ildə “Pavel Korçagin” adlı film də çəkilib.
Vətəndaş müharibəsidən qalan yaralar və xəstəliklərə qarşı verdiyi mübarizəni 32 yaşında itirən N.Ostrovski 22 dekabr 1936-cı ildə həyata gözlərini yumub.
Modern.az