Qubadlı rayon İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin sinif otaqlarının birinə şəhid Zahir Əliyevin adı verilib.
Modern.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəbin direktoru Allahverən Allahverdiyev və digər qonaqlar çıxış edərək, xalq qəhrəmanları, Vətən müharibəsi qəhrəmanları, tarixi şəxsiyyətlər haqqında geniş məlumat veriblər.
Məkəbin direktoru sinif otaqlarından birinə Şəhid Əliyev Zahir Sədi oğlunun adını verildiyini elan edib.
Şagirdlər qəhrəmanın həyatından, keçdiyi döyüş yolundan söhbət açıblar.
Şəhidin həyət yoldaşı, bacısı, məktəbdə təhsil alan, şəhidin qızları, "4c" sinif şagirdi Nilay Əliyeva və "8ç" sinif şagirdi Aysu Əliyeva atası ilə bağlı xatirələrini danışıblar. Balaca Nilayın oxuduğu şeir tədbir iştirakçılarının ürəyini riqqətə gətirib.
Mərasim şagirdlərin hazırladıqları ədəbi, bədii hissə ilə sona catıb.
Qeyd edək ki, Zahir Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunların "N" saylı hərbi hissəsində MAXE kimi xidmət edib. 2023-cü il 19 sentyabr antiterror əməliyyatları zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.