Modern.az

Mərkəzi Bank 2014-cü ildə inflyasiyanı proqnozlar çərçivəsində saxlayacağını vəd edir

Mərkəzi Bank 2014-cü ildə inflyasiyanı proqnozlar çərçivəsində saxlayacağını vəd edir

25 Dekabr 2013, 13:54

Cari ilin dekabr ayında Tarif Şurasının bəzi məhsulların tariflərinə etdiyi dəyişikliklərə baxmayaraq, 2013-cü ilin sonuna orta illik inflyasiyanın proqnoz çərçivəsində qalacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Qeyri-neft sektorunda ikirəqəmli artım, yüksək istehlak və investisiya tələbinə baxmayaraq, 2013-cü ilin 11 ayında orta illik inflyasiya cəmi 2,3% təşkil etmişdir. Dünya ərzaq qiymətlərində artımın səngiməsi, pul təklifinin məqbul templi artımı və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə qalmasında mühüm amillərdir. Yerli istehsal hesabına ölkədə ərzaqla təminat səviyyəsinin yüksəlməsi də qiymətlərə sabitləşdirici təsir göstərir. İstehlak səbətində əhəmiyyətli paya malik ərzaq malları üzrə inflyasiya cəmi 2.2% olmuşdur".

Azərbaycanın Mərkəzi Bankı 2014-cü ildə makroiqtisadi siyasətin hədəfi kimi inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasını seçib.

Bəyanatda deyilir: 2014-cü ildə qiymət sabitliyinin qorunmasına dəstək vermək üçün Mərkəzi Bank sərəncamında olan alətlərdən istifadə edərək zəruri antiinflyasiya tədbirlərini həyata keçirəcəkdir".

Mərkəzi Bankda makroiqtisadi vəziyyətdən asılı olaraq pul siyasətinin bir neçə variantda tətbiqinin ssenariləri hazırlanmışdır: "2014-cü il ərzində qiymət artımının proqnozu üstələmək riski yarandığı təqdirdə, zəruri antiinflyasiya tədbirləri görüləcəkdir. Faktiki inflyasiyanın proqnozdan aşağı olması halında və ya qeyri-neft sektorundakı iqtisadi artım üçün risk yarandıqda isə pul siyasətinin yumşaldılması imkanları diqqətdə saxlanacaqdır".



Modern.az
Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!