“Türkiyədə baş verən proseslərdə kənar qüvvələrin təsirinin olduğunu qeyd edə bilərəm”. Bunu Modern.az saytına ilahiyyatçı Elşad Miri deyib. O, nurçu camaatının lideri Fəthullah Gülənlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında olan qalmaqala münasibət bildirərkən qeyd edib ki, məsələnin bu yerə çatmasında xarici təxribat amilləri rol oynayır.
“Bu gün Türkiyə güclənən bir qüvvəyə çevrilir. Türkiyənin indiki hakimiyyəti müxtəlif müsbət işlər görür. Türkiyənin bölgədə qurduğu strategiyanı bəzi güc strukturları dəyişmək məcburiyyətində qalır. Türkiyə Milli İstihbarat Təşkilatına rəhbərliklə bağlı həm ABŞ, həm də İsraildən verilən bəyanatlar da bunu deməyə əsas verir. Türkiyədə Avropanın üçüncü ən böyük asma körpüsü və hava limanının tikilməsi, dənizin altından keçən Mərmərə xətti və s. göstərir ki, Türkiyə həm islam dünyasında, həm də Avropanın özündə böyük bir güc sahibinə çevrilir”, - deyə E. Miri qeyd edib. Onun sözlərinə görə, Türkiyənin liderliyini şərtləndirən amilləri təsirsiz buraxmaq üçün oynanılan oyunlar var. İlahiyyatçı söyləyib ki, bu oyunlara Ərdoğanla Fəthullah Güləni də cəlb edirlər:
“Mən Fəthullah Gülənlə görüşmüşəm. Onu kənardan sadə bir insan, heç bir işə qarışmayan, heç bir təsir gücü olmayan, insanları həvəsləndirmək mövqeyindən çıxış etmək imkanında olan bir şəxs kimi dəyərləndirirlər. Əksinə, həqiqətən Fəthullah Gülən öz camaatı içində lider olunan görünən, bir sözü ilə camaatın bütün insanlarının tələblərini yerinə yetirə biləcək bir insan olduğunun şahidiyəm. Ona görə deyə bilərəm ki, Türkiyədə olanlar camaat-AKP prizmasından deyil, daha çox fərqli şəkildə özünü göstərir. AKP-nin Türkiyədə Gülən camaatı adlanan xidmətlərin əsas yeri olan hazırlıq kursları ilə bağlı atdığı addımlar da məsələnin bu yerə gəlib çıxmasına səbəb oldu. Bütün bu hadisələr camaatın siyasətdən uzaq olması iddialarını boşa çıxardı. Camaatın siyasətdə rolu olması bir daha təsdiq olundu. Nurçu camaatın itirəcəyi bir şey yoxdur. Amma partiya və hökumətin insanlardan gələ biləcək səsi itirə bilməsi gündəmə gəlir. Camaat siyasətlə birgə olduqlarını, güc etiraz nümayiş etdirdiklərini göstərdilər. Amma nurçu camaatın yara aldığını istisna etmirəm”, - deyən E. Miri bir daha vurğulayıb ki, proseslər təkcə Gülən-Ərdoğan münasibətlərinə söykənmir və böyük güclərin də proseslərdə əlinin olduğu danılmazdır.
Aqşin KƏRİMOV