İmişli rayonu ərazisində ikinci mərhələdə tikilən 225 ailəlik qəsəbəyə də köçürülmə başa çatdırılıb. Bu barədə Modern.az saytına Qaçqınkomun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müxtəlif ərazilərdə bütün sosial texniki infrastrukturları ilə birlikdə yeni-yeni qəsəbələr salınıb, hündürmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilib. Qeyd olunan sahədə işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir. Bunlar isə özlüyündə bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişəki kimi, bu gün də dövlətin, xüsusilə ölkəmizin başçısı cənab İlham Əliyevin daim ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahələrdəndir. Yeni qəsəbələrin salınması, orada məskunlaşdırılması nəzərdə tutulan soydaşlarımızın bu yaşayış sahələrinə köçürülməsi, paytaxtdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün hündürmərtəbəli yaşayış binaları kompleksinin tikintisi və ilk növbədə şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq maddələrinə uyğun və mərhələli şəkildə həyata keçirilir. Elə İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş qəsəbə də Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2007-ci il 31 oktyabr tarixli sərəncamla təsdiq edilərək, Əlavələrin müvafiq bəndinə əsasən inşa olunub. Qəsəbədə 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, feldşer-mama məntəqəsi də məcburi köçkünlərin istifadəsinə verilib. Qəsəbənin elektrik və qaz təchizatı şəbəkələri İmişli rayonunun kommunikasiyalarına qoşulub. Qəsəbədə qazanxana, istirahət parkı, su anbarı, eləcə də pay torpaqlarını və həyətyanı sahələri suvarmaq üçün qapalı suvarma şəbəkəsi, qrunt sularını kənarlaşdırmaq üçün isə qəsəbə ərazisində drenaj şəbəkəsi də tikilib istifadəyə verilib. Yeni qəsəbədəki mənzillərinə köçürülən və yeni ili yeni mənzillərdə qarşılamağa hazırlaşan məcburi köçkün soydaşlarımız yaradılan bu cür şəraitə görə öz himayədarlarına - dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, biz məcburi köçkünlər bütünlüklə Prezidentimizə arxalanır, Onun atdığı hər bir uğurlu addımına sevinir və inanırıq ki, məhz Onun çevik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarımıza da qayıdacayıq. İllərdir biz belə mənzillərdə yaşamağın həsrətini çəkmişik. Düzdür, burada da müvəqqəti məskunlaşmışıq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində düşmən üzərində də qələbə çalaraq doğma yurdlarımıza qayıdacağıq. Bu qənaətə gəlməyimizin səbəbi isə cənab Prezidentimizin qətiyyətli, dönməz siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daim artması, ordumuzun döyüş hazırlığının və hərbi sursatla təminatının müasir tələblər səviyyəsində olmasından irəli gəlir. Ona görə də, biz doğma torpaqlarımıza qayıdacağımıza tam əminik.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkün soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həllində, yaşayış səviyyəsinin yüksəldilməsində, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilmiş və bu gün də etdirilməkdədir.
Modern.az