Modern.az

İqtisad Universitetindəki qış imtahan sessiyası ilə bağlı məlumat yayıldı

İqtisad Universitetindəki qış imtahan sessiyası ilə bağlı məlumat yayıldı

27 Dekabr 2013, 10:50


Azərbaycan Dövlət İqtisad Universitetində 2013/2014 tədris ilinin qış  imtahan sessiyası 29.12.2013 – 03.02.2014 tarixlərində keçiriləcək. ADİU-nun bütün fakültələrinin əyani şöbəsinin I - IV kurslarında təhsil alan 11465 tələbəsi  kompüterləşdirilmiş test üsulu ilə 363 fənn üzrə imtahan verəcək. Bu barədə Modern.az-a İqtisad Universitetinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, qış  imtahan sessiyası üçün universitetdə ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş müvafiq infrastruktur yaradılıb. ADİU-nun 3 tədris binasında 5 imtahan zalı hazırlanıb və vahid şəbəkəyə birləşdirilərək 485 ədəd kompyuter quraşdırılıb. Universitetdə imtahan sessiyasına qədər semestr ərzində bütün kurslar üzrə kompüter vasitəsilə 3 dəfə kollokvium keçirilib. Semestr ərzində  və qış imtahan sessiyası zamanı toplanılmış ballar tələbələrə yekun qiymət kimi real zaman rejimində kompyuter vasitəsilə  bildiriləcək.

“İmtahanlarda üzürlü səbəblərdən iştirak etməyən tələbələrə 03.02.2014 – 15.02.2014 tarixlərində  imtahan vermələri üçün, qeyri-kafi qiymət alan tələbələrə isə kredit sisteminin tələblərinə müvafiq olaraq növbəti tədris ilində və yaxud yay semestrində həmin fənn üzrə dərslərdə iştirak edərək akademik borclarını ləğv etmələri üçün imkan yaradılacaq”-deyə universitetdən bildirilib.

ADİU-da sessiya zamanı Appelyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərəcək. İmtahan nəticələri ilə razılaşmayan tələbələr universitetdə fəaliyyət göstərən Apellyasiya Komissiyasına dərhal müraciət edə bilər. Bildirilib ki, komissiya tərəfindən bu müraciətlərə operativ baxılması, obyektiv və əsaslandırılmış şəkildə həll edilməsi təmin olunur. ADİU-da kompüterləşdirilmiş test imtahanlarının müvəffəqiyyətlə həyata keçirilməsi Virtual Universitet layihəsinin uğurla reallaşdırılması sayəsində mümkün olub. Belə ki, Virtual Universitetin bazasında universitetdə tədris olunan bütün fənnlər üzrə tədris materialları – mühazirə mətnləri, dərsliklər, imtahan-test sualları tərtib edilərək yerləşdirilib. Bütövlükdə test bankında üç dildə 700 mindən çox test şəklində suallar toplanıb.

Bunlarla yanaşı, ADİU-da semestr ərzində tələbələrin davamiyyəti, sərbəst işləri, seminarlarda cavabı və kompyuter vasitəsilə verilən kollokviumlar üzrə yığdığı balları əks etdirən elektron jurnal sistemi tətbiq olunur. ADİU-nun mətbuat xidməti valideynləri, KİV və aidiyyatı olan QHT nümayəndələrini imtahan sessiyasının gedişatı ilə tanış olmağa, rəy və təkliflərini bildirməyə dəvət edir.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!