Modern.az

Deputat: “Kəbirə Məmmədova “Binə”dəki sahibkarları niyə zülmə salır?”

Deputat: “Kəbirə Məmmədova “Binə”dəki sahibkarları niyə zülmə salır?”

27 Dekabr 2013, 12:46

Bakıda fəaliyyət göstərən və ildə ən azı 4 dəfə alovlanan “Binə” Ticarət Mərkəzi bu qış yenidən yandı. Həmişə olduğu kimi ticarət mərkəzinin 4, 5 və 6-cı sıralarındakı mağazalar içindəki mallarla birlikdə kül oldu. Hadisə nəticəsində 50-dən artıq mağaza tamamilə yandı. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasının hələ tüstülənmə başlayarkən gəlib çıxmasına baxmayaraq, yanğının qarşısını dərhal ala bilməməsinin səbəbi isə tikinti normalarının pozulması göstərilir. Belə ki, obyektlər bir-birinə həddindən artıq yaxın tikilməsi yanğının daha böyük ərazini əhatə etməsi ilə nəticələndi.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində ticarət mərkəzində sahibkarlara məxsus 45 mağaza tam yandığı göstərilsə də sahibkarlar kül olan mağazalarla bərabər 100-ə yaxın obyektə ziyan dəydiyini deyir. Tikinti normaları bazar rəhbərliyi tərəfindən pozulsa da yanğından zərər çəkən obyektlərin sahibkarlarına heç bir kompensasiya ödənmədi. Bunun əvəzində yanğından sonra bazarın sahibi Kəbirə Məmmədova sahibkarlarla görüşüb razılığa gəldi. O, yanan obyektlər hər iki tərəfin köməkliyi ilə təmir ediləcəyini söz verdi.

Hər dəfə bazarda eyni hadisənin yaşanmasına baxmayaraq nə sahibkarlar, nə də bazar rəhbərliyi heç bir tədbir görmür.  

Bazarda tikinti normalarının pozulması ilə bağlı Modern.az-a fikirlərini bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Zahid Oruc insanlarla bərabər, yanğın faktının üzərində daha fərqli istintaq tədbirinin həyata keçirilməsini arzuladığını bildirdi.

“Çünki ilk növbədə belə hadisələr sahibkarlıq mühitinə vurulan zərbəyə çevrilir. Öz-özlüyündə hər bir ölkə ilk növbədə iqtisadi sferada vətəndaşlarını daha geniş şəkildə bu proseslərə cəlb etməyə çalışır. Azərbaycanın dövlət rəhbərinin siyasəti məhz budur. Orta təbəqənin formalaşması üçün mühüm qüvvəyə istinad etdiyini dəfələrlə görüşlərində və çıxışlarında bəyan edib. Həqiqətən bu cür kütləvi ticarət məkanlarında baş verən hüquqi pozğunluqlar geniş şəklidə insanların istismarı onların ən adi haqlarına qarşı həmin qurumların rəhbərlərinin göstərdiyi biganəlikdir. Mən büdcə müzakirələri dövründə İqtisadi İnkişaf Nazirliyinə müraciətlə çağırışda bulundum ki, bu cür ticarət mərkəzlərinin vəziyyəti ilə bağlı geniş monitorinq təşkil olunsun. Orada müəyyən münasibətlərin xarakteri haqqında ölkə rəhbərliyinə məruzə edilsin. Heç bir şübhəm yoxdur ki, qeyd olunan addımların atılacağı təqdirdə Azərbaycan prezidenti sərt şəkildə bu problemin həllini həmin qurumlara tapşıracaq”.

Millət vəkili hesab edir ki, bu yanğınlar ayrı-ayrı şəxslərin itaətsizliyini qırmaq, onları əzmək, özünə tabe etmək, hər hansı ödəmələrə razı salmaq üçün süni şəkildə törədilir. Onun sözlərinə görə, həmin ticarət mərkəzindəki yanğınlar 1-2 dəfə baş vermiş olsa, bunu günah kimi göstərmək olar. Amma bunlar bolşeviklərin iş metodunda görünən elementə daha çox bənzəyir. “Məsələnin ikinci tərəfi bundan ibarətdir ki, işlətdikləri həmin yerləri insanlar tam ağır şərtlərlə icarəyə götürürlər. Onların mülkiyyətçiyə çevrilmək imkanları yoxdur. Sanki feodal qaydasında onların üzərində hansısa şəxslər istismar siyasətini yürütməkdədirlər. Niyə belə olmalıdır? O insanlar təkcə var-yoxdan çıxmırlar. Azərbaycanın birinci şəxsinin iradəsi ölkə vətəndaşlarına hörmətlə yanaşılması sahibkarlıq sahəsinə geniş meydan verilməsi təqdirdə nə üçün bazarlarda belə geniş özbaşınalıqlar yaranır? Hesab edirəm ki, hökumət tədbirləri ilə yanaşı, iqtisadi qurumlar həmin məkanlarda fəal şəkildə işə keçməlidirlər. Dövlət başçısının hökuməti yenidən formalaşdırmasından sonra nazirlər belə bilirlər ki, dövlət rəhbəri daha tələbkar bir mövqeyini onların qarşısında qoyub. Kəbirə Məmmədova deyir ki, ora onun özəl obyektidir. Əvəzinə hansısa ağır şərtlərlə verəcəkdir. İnsanlar niyə zülmətə, zillətə qatlaşır?”

Yanan obyekt sahiblərinə kompensasiya verilməməsi məsələsinə toxunan iqtisadçı-ekspert Samir Əliyev isə deyir ki, bazar rəhbərliyi obyekti icarəyə götürənlə müqavilə imzalamalıdır. Bu müqavilədə hansı şərtlərə riayət edəcəyi göstərilir. “Sığorta müqavilənin konkret bir hissəsidir. Konkret obyektlərdən söhbət gedirsə həmin obyektin sığortası da birbaşa icarə verənin öhdəliyinə düşür. Araşdırılsa ki, icarədar müqavilə şərtlərinə uyğun təhlükəsizlik sisteminə əməl etməyib və yanğın o səbəbdən baş verib o zaman kompensasiya məsələsinə baxmaq olar”.

İqtisadçı onu da bildirdi ki, həmin ticarət mərkəzində bu normaların heç birinə əməl olunmur. “Bütün bu sahə üzrə məsul olan idarələr və nazirliklər ticarət mərkəzindəki bu kimi qanunsuzluqlara nəzarət etməlidir. Görünür ticarət mərkəzindəki yanğın ayrı-ayrı dövlət qurumlarının işlərinə məsuliyyətsiz yanaşmaları səbəbindən baş verib”.

Qeyd edək ki, Zahid Oruc Milli Məclisin bugünkü iclasında da "Binə" Ticarət Mərkəzində baş verən yanğın hadisəsinə münasibət bildirib.

“İnsanlarda fikir yaranır ki, bu texniki nasasızlıqdan baş vermir. Sanki 37-ci illərin iqtisadi sabotaj üsulunu həyata keçirir. Bu sahibkarlara ciddi ziyan vurur. Orada çalışan insanların hüquqları da pozulur. İqtisadiyyat və Sənaye Nazirliyi bu cür yerlərdə monitorinqlər aparılmalıdır. Bu barədə ölkə başçısının məruzə edilməlidir. Cənab prezident də çıxışında da məmurlara xəbərdarlıq edib”.


Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!