Azərbaycanda körpələr evləri, uşaq bağçaları və uşaq evləri 10 il mənfəət və sadələşdirilmiş vergini ödəməkdən azad olunacaqlar.
Milli Məclisin dekabrın 27-də keçirilən payız sessiyasının son iclasında "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanun layihəsi müzakirə olunub.
Cəmi 2 maddədən ibarət olan qanun layihəsində qeyd olunur ki, körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri gələn il yanvarın 1-dən başlayaraq 10 il Vergi Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunurlar.
Həmçinin qanunun birinci maddəsi ilə vergiləri ödəməkdən azad edilmiş hüquqi şəxslər digər fəaliyyətlə məşğul olduqda Vergi Məcəlləsinin tələblərinə uyğun vergiyə cəlb olunacaqlar.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanun ölkədə məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığı probleminin həllinə müəyyən qədər kömək edəcək: "Azərbaycanda 1-5 yaşlı uşaqların yalnız 15 faizini bağçalarla təmin etmək mümkündür. Bu dəyişiklik iş adamlarını özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması işinə maraq göstərməyə stimul verəcək".
Qanun səsə qoyularaq millət vəkilləri tərəfindən yekdilliklə qəbul edilib.
Modern.az