“Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən istefasının səbəblərini mətbuat vasitəsilə çatdırıb. Təbii ki, biz istəyərdik ki, Rüstəm bəy istefa verməsin. Amma biz onun verdiyi qərara hörmət etmək zorundayıq”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Gözəl Bayramlı deyib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov bu addımı atmaqla Milli Şuranın qorunmasında hər cür güzəştlərə getməyə hazır olduğunu bildirib: “Onun bu mövqeyi istənilən halda alqışa layiqdir. O bundan sonra Milli Şuranın üzvü kimi fəaliyyət göstərəcək. İstənilən halda, İbrahimbəyov Milli Şuraya yönəlik ittihamlara həm son qoymuş oldu, həm də bir çoxlarının bəhanəsinin qarşısını aldı”.
G.Bayramlı Fuad Qəhrəmanlının İbrahimbəyovun istefası ilə bağlı “Rüstəm İbrahimbəyovun istefası Müsavat Partiyasının mövqeyi ilə bağlıdır, buna görə də onlar cəmiyyət qarşısında cavab verəcəklər” fikrini də şərh edib: “O, Rüstəm İbrahimbəyovun açıqlamasına istinad edib. Bu, realdır, gizli bir şey yoxdur. Müsavat Partiyası Rüstəm İbrahimbəyovun fəxri sədrliyinin əleyhinə idi. Bu, dəfələrlə onların açıqlamalarında göstərilib. Bütün bunlara baxmayaraq, Milli Şura fəaliyyətini davam etdirəcək. Hətta qurumun genişlənmə ehtimalı da var. Qurum yarananda qarşısında Azərbaycanda demokratiyanın bərqərar olması missiyası var idi. Əminəm ki, bundan sonra da Milli Şura fəaliyyətini davam etdirəcək”.
AXCP funksioneri də Milli Şuradan istefaların olacağını istisna etmir: “Hər kəsin öz mövqeyi var, kimlərsə bir qurumun fəaliyyətinin müəyyən mərhələsində ayrılmağa qərar veribsə, nə deyə bilərik. Amma bu, o anlama gəlməməlidir ki, kimlərinsə istefa verməsi bu qurumun dağılması deməkdir. İstənilən halda Milli Şura fəaliyyətini davam etdirəcək”.
İlkin