Jurnalistlər hazırda həbsdə olan həmkarları Elman Malıyevin əfvi üçün Prezidentə müraciət etməyə hazırlaşır. Bu barədə Modern.az-a “Mövqe.az” saytının müxbiri Zulfiyyə Quliyeva məlumat verib.
“Elman Malıyev özü bizdən bu barədə xahiş etmişdi. Gəlin həmkarımızın azadlığa çıxmasına dəstək olaq. Bu müraciəti imzalayaraq, ölkə başçısına göndərək”.
Müraciəti hazırlamaqda mənə kömək edən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevə, tanınmış jurnalist Qadir İbrahimliyə təşəkkür edirəm”.
“Ekspress” qəzetinin sabiq kriminal yazarı Elman Malıyev 2010-cu ilin iyununda tutularaq, 5 il müddətinə azadlıqdan məhrum edilib. Onu Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham ediblər. Elman Malıyev “Ekspress”dən əvvəl “Bu gün, “Yeni Müsavat” qəzetlərində çalışıb.
Modern.az saytı Z.Quliyevanın müraciətini olduğu kimi nəzərə çatdırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan jurnalistləri adından
Ərizə
Cənab Prezident bu ərizəmizlə yazıb sizə bildiririk ki, indiyədək məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Sizə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alıb humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamları imzalamısınız. Sizin tərəfinizdən imzalanan əfv sərəncamları nəticəsində həmin məhkumlar azadlığa çıxaraq öz ailələrinə qovuşublar. Sizin imzaladığınız əfv sərəncamları hər zaman cəmiyyət tərəfindən müsbət qarşılanır, ölkə başçısı kimi sizin hər zaman humanist bir mövqe tutduğunuzu sərgiləyir. Bu sərəncamların əlamətdar günlərə təsadüf etməsi isə ailələrdə yaşanan bayram sevincini ikiqat artıraraq bayrama-bayram qatır. Cənab Prezident biz Azərbaycan jurnalistləri də sizin bu humanist əməlinizin 2010-cu ilin iyununda tutularaq, 5 il müddətinə azadlıqdan məhrum edilən jurnalist həmkarımız olan Elman Malıyevə də şamil olunmasını xahiş edirik. Qeyd edək ki, E. Malıyev Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Artıq cəzasının çox hissəsini çəkən həmkarımız hazırda cəza çəkdiyi müəssisədə öz nümunəvi davranışı və yaradıcı fəaliyyəti ilə seçilir. Dəfələrlə mətbuata verdiyi müsahibəsində törətdiyi əməldən peşimançılıq çəkdiyini açıq etiraf edib. Ailəsinin ailə başçısı olmadan çətin durumda olduğunu, oğlunun hazırda həqiqi hərbi xidmətdə olmasını və özünün 20 ilə yaxın Azərbaycan mətbuatında çalışmasını nəzərə alaraq əfv olunmasını Sizdən xahiş edirik. Cənab Prezident bizim bu müraciətimizə müsbət cavab verəcəyinizə inamımız böyükdür. Son illər Azərbaycan mətbuatının inkişafı istiqamətində atdığınız addımlara görə Sizə bir daha minnətdarlığımızı bildiririk.
Hörmətlə Azərbaycan jurnalistləri.
Gültəkin ƏLƏSGƏR