Azərbaycan səhiyyə naziri Oktay Şirəliyev bu gün 2-ci dəfə özünü yandırmaqla intihara cəhd etmiş Qarabağ əlili Zaur Həsənovun müalicə aldığı xəstəxanaya gəlib. Bu barədə Modern.az-a xəstəxanından bildiriblər. Nazir Z.Həsənovun müalicə prosesi ilə tanış olub və müvafiq göstərişlərini verib.
Xəstəxanın qarşısında isə xeyli sayda Qarabağ müharibəsi əlili, Z.Həsənovun yaxın qohumları, həmçinin bir sıra təşkilatların nümayəndələri var. Zaurun atası
Modern.az-ın əməkdaşı ilə söhbətdə bildirib ki, oğluna edilən təzyiqlər bu faciəyə gətirib çıxarıb. “Oğlumu yuxarıda oturanlar bu həddə çatdırdılar. Təzyiq göstərdilər. Canından bezdirdilər. Hadisə qəfil oldu. Belə bir şey edəcəyi heç ağlıma gəlməzdi. Öz uşaqları ilə getmişdi”.
Zaurun kiçik qızı da xəstəxanın həyətindədir. Onu atasının yanına buraxmırlar. Qarabağ müharibəsi əlilləri məsələ ilə bağlı öz narazılığını dilə gətiriblər. Onlardan biri xəstəxanaya gedərkən ilk növbədə ondan pul istənildiyini deyib: “Mən müalicə oluna bilmirəm. Xəstəxanaya gedərkən ilk növbədə bizdən rüşvət istəyirlər”- deyə keçmiş döyüşçu vurğulayıb.
Dekabrın 25-də II qrup Qarabağ müharibəsi əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Bu intihar cəhdi ciddi ictimai rezonans verib. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev alıb.





Gülşən Raufqızı