“Əslində, Qarabağ əlilləri arasında intihar edənlər çoxdur”. Bunu Modern.az-a açıqlamasında “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Firudin Məmmədov deyib.
“11 min 300 nəfər Qarabağ əlilinin problemləri sadalanmaqla bitmir. Ən mühüm məsələ təqaüdlərin azlığıdır. Azərbaycanda orta minimal yaşayış həddi 125 manat olduğu halda, Qarabağ əlilinə verilən təqaüd onun ailə üzvlərinin ehtiyaclarının 50%-ni belə, ödəmir. Qarabağ əlilləri 160-200 manat civarında təqaüd alır ki, bu da son dərəcədə azdır. İkincisi, Qarabağ əlillərinin və ailə üzvlərinin sağlamlığı sığortalanmalıdır. Pulsuz müalicə məsələsi qanundada var, amma pulsuz müalicə yarıtmaz müalicədir. Üçüncüsü, müharibə əlillərinin ailə üzvləri təhsil haqqından azad olunmalıdır. Təhsilhaqqı dövlətin müəyyən strukturları tərəfindən ödənməlidir. Təxminən iki ay qabaq dediyim məsələlərlə bağlı Prezidentə bir neçə təşkilatın adından müraciət etmişik. Hələ ki onunla bağlı bir reaksiya yoxdur. Əslində, bir sıra problemlərimiz var ki, doğurdan da intihar həddinə gətirən hallardır. Çox istəyirik ki, dövlət başçısı bizi qəbul eləsin və problemlərimizi özümüz çatdıraq. Ona görə ki, gələcəkdə Zaur Həsənov kimi intihar halları olmasın”.
Namidə BİNGÖL