Modern.az

TQDK magistraturaya qəbul imtahanlarının vaxtını açıqladı

TQDK magistraturaya qəbul imtahanlarının vaxtını açıqladı

27 Dekabr 2013, 16:41

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən  Azərbaycan Respublikasının  ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları «Magistr» xüsusi buraxılışının 1-ci sayında dərc olunub. Bu barədə Modern.az-a TQDK-dan məlumat verilib.

Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra  nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar. 

2014-cü ildə magistraturaya qəbul imtahanının I mərhələsinin mart ayının əvvəlində, II mərhələsinin isə mayın sonlarında keçirilməsi nəzərdə tutulur.  

Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə yazı işini yerinə yetirməlidirlər (bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək). 

Xarici dil kimi Azərbaycan bölməsinin bakalavr­larına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının  tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən  bakalavr­lar xarici dil kimi ərəb və ya fars dillərini də seçə bilərlər.  

Filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər. 

Regionşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız alman dilini,  regionşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olunmaq istəyən bakalavrlar isə xarici dil kimi yalnız fransız dilini seçməlidirlər. 

 Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır. 

Qaydalara əsasən,ümumi intellekt səviyyəsini müəyyən edən test tapşırıqlarının  bəziləri cavab variantları olmadan (açıq tipli) təqdim ediləcək. Bu tipli test tapşırıqlarının nümunələri də jurnalda təqdim olunub. 

Bakalavrlar qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında təyin olunacaq vaxtda “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­siyalarına müvafiq sənədlərin əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər: 

Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi,  ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. 

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 

Könül Qidayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!