Bu gün Mədəniyyət və Turizm Nazirliyində 2013-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında nazir Əbülfəs Qarayev teatrların repertuarından narazılıq edib. Teatrların iş cədvəli, teatr və musiqi kollektivlərinin repertuarı məni narahat edir”, – deyən Ə. Qarayev əlavə edib: “Dəfələrlə demişəm ki, teatrlar 2 səpkidə teatr hazırlamalıdırlar. Teatrların bəzilərinin repertuarına aşağı səviyyəli tamaşalar, dram əsərləri, komediyalar daxil edilir. Teatr kollektivləri olduqca böyük iş görməlidirlər”.
Modern.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bildirib ki, əslində Ə. Qarayev teatrların repertuarından narazılıq eləməyib. “Saytların xoşları gəlir, aranı qarışdırsınlar. Sadəcə dedi ki, bəzi teatrlarda repertuar seçiminə diqqətlə yanaşmırlar. “Bəzi teatrlar” deyiləndə söylənmədi ki, konkret hansı teatrlardır. Kollegiya iclasında repertuarlar təsdiq olundu. Repertuar məsələsində hərə öz istəyin eləyə bilməz axı. “Azdrama”da belə problem yoxdur. Repertuarımız yüz dəfə nəzərdən keçirilir, müzakirə olunur. Yəni istədiyimiz tamaşanı qoymuruq. Teatrın Bədii Şurası var, orada baxılır, təsdiq olunur. Ondan sonra repertuarı Mədəniyyət Nazirliyinin incəsənət şöbəsinə göndəririk. Şöbədə baxırlar, sonra nazir müavininə verilir. Yəni təsadüfi bir şey repertuara düşə bilməz. Əbülfəs Qarayevin ümumiyyətlə, teatr müəssisələrindən narazılığı yoxdur. Sizə birmənalı şəkildə deyirəm. İndi bir cümlə dedi ki, bəzi teatrlarda repertuara lazımı diqqət yetirmirlər, vəssalam”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov: “Əlbəttə, nazirin dediyində böyük həqiqət var ki, teatrlar mütləq repertuar seçimində diqqətli olmalıdırlar. Götürülən əsər, çəkilən xərc sonra özünü doğrultsun. Amma hər kəs öz teatrına cavabdehdir. Həmişə çalışırıq ki, repertuara qəbul elədiyimiz tamaşalar hazırlanandan sonra geniş tamaşaçı kütləsini qane eləsin. Orada klassik Azərbaycan dramaturgiya nümunələri ola bilir, dünya klassik dramaturgiya nümunələri ola bilir. Şübhəsiz, teatrımızda uşaq tamaşaları da yer alır. Yeddi-səkkiz tamaşa hazırlayırıqsa, onun üçü, dördü uşaqlar üçündür. Beynəlxalq layihələr də nəzərdə tuturuq. Şəxsən mənim bir teatr rəhbəri olaraq teatrımızın repertuar planından heç bir narazılığım yoxdur. Biz hər şeyi ölçüb, biçib əvvəlcədən planlaşdırırıq ki, realizə edə bilək. Ötən il gənclərin ən sevimli tamaşası “Romeo və Culyetta”nı hazırlamışdıq. Gələn il Şekspirin başqa bir tamaşasına – “Üçüncü Riçard” müraciət etmişik. Burda aktyorların yetişməsi, potensialının genişlənməsi üçün kifayət qədər imkanlar var.Yanvarın 8-dən “British Counsul” Mədəniyyət və Turizm Nazirliyi ilə teatr əməkdaşlığı layihəsi çərçivəsində Martin Makdonaldın trilogiyasını 9 mart Milli Teatr Günü ərəfəsində oynayacağıq. Bu trilogiyanın içində 3 əsər gedir: “Gözəllik ilahəsi”, “Kannemarada kəllə”, “Yalnız qəlb””.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktor müavini Elxan Ocaqov: “Mən kollegiya iclasında iştirak etməmişəm. Xəbərim yoxdur. Yəqin ki, materialları bizə gələcək. Materialları gələndən sonra bilərəm nədir”.
Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova: “Nə kollegiyada olmuşam, nə də nazirin iradlarını eşitmişəm. Hələ heç nə deyə bilmərəm”.
Misranə Həsənzadə