“Rüstəm İbrahimbəyovun istefasını təəssüf hissi ilə qarşıladım. Rüstəm bəyin Milli Şuranın yaradılmasında böyük rolu olub. Dünyada tanınmış bir ziyalının müxalifətin önünə çıxması, hakimiyyətə qarşı mübarizəsi düzgün qiymətləndirilmədi. Onun istefası daxili ziddiyyətlərin nəticəsi idi”.
Bunu Modern.az-a açıqlamasında Milli Şuradan istefa vermiş, “Xalq arzusu” Hərəkatının yaradıcısı Asəf Quliyev deyib. O bildirib ki, İbrahimbəyovun istefası partiyaların, cəmiyyətin bir ziyalıya verdiyi qiymətdir: “Bundan sonra çətin ki ziyalılar siyasi proseslərə qoşulsun. Rüstəm İbrahimbəyovun getməsindən sonra onu “satqın” adlandıranlar oldu. Hətta onun üçün “Rusiyanın adamıdır” deyənlər də var. Bu, yanlış fikirdir. Bu cür qarayaxamalar, ziyalını ləkəmək etik deyil”.
A.Quliyev deyib ki, Rüstəm İbrahimbəyovun istefaya getməsinin səbəbkarı Müsavat Partiyası olmasını mətbuatdan oxuyub: “Mətbuatdan oxudum ki, Rüstəm bəyin istefaya getməsi Müsavat Partiyasının mövqeyi ilə bağlıdır. Əgər belə bir şey varsa, bu çox pis haldır. Hansısa partiyanın Rüstəm bəyi fəxri sədrlikdən uzaqlaşdırması üzücüdür”.
Milli Şuradan istefa vermiş Zəminə Dünyamalıyeva onun istefa verməsinə haqq qazandırıb: “Rüstəm bəyin sədrklikdən getməsi ilə bağlı məsələ qoyulanda gərək o, uzaqlaşaydı. Arada olan bu qədər vaxta ehtiyac yox idi. Ona heç fəxri ad da lazım deyildi. Rüstəm bəyin fəaliyyəti də göz qabağındadır, neçə illərdir, bir araya gəlməyən partiyaları bir araya gətirdi. Münaqişə olan yerdə ot da bitməz. Münaqişəni ya bir partiya, ya da beş partiya etdi, bunun fərqi nədir?! Burada şərt odur ki, anlaşılma yoxdur. Anlaşam yoxdursa, birlik necə ola bilər?! Rüstəm bəy də demək istədiyi odur ki, qurumda fikir ayrılığı, münaqişə varsa, orada qala bilməz. Birlik yoxdursa, Rüstəm bəy orada niyə qalmalıdır ki?!”.
Milli Şuradan istefa vermiş, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Rüstəm İbrahimbəyovun bezərək fəxri sədrlikdən istefa verdiyi qeyd edib.
İlkin