Modern.az

Qarabağ qaziləri prezidentə müraciət ediblər

Qarabağ qaziləri prezidentə müraciət ediblər

11 Yanvar 2014, 14:51

Modern.az
xəbər verir ki, Qarabağ qazilərinin problemləri ilə bağlı yeddi təşkilat bir araya gələrək onların həlli vacib problemlərini müəyyənləşdirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər. Bu barədə “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidməti məlumat yayıb.

Müraciətdə deyilir:

“Cənab Prezident, hörmətli Ali Baş Komandan!
Məlum olduğu kimi, ötən il, dekabrın 25-də Azərbaycanda hamımızı sarsıdan bir olay yaşandı. 2-ci qrup Qarabağ qazisi Zaur Həsən oğlu Həsənov ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasının qarşısında özünü yandırmaqla intihar etdi. Sizin vaxtında və zəruri müdaxilənizdən sonra əlilin həyatda qalması üçün bütün lazımı təcili təxirə salınmaz tibbi tədbirlə görülsə də, təəssüf ki, Qazimiz dekabrın 28-də dünyasını dəyişdi. Məhz sizin tapşırığınızla dünyasını dəyişən Z.Həsənovun problemlərinin bir hissəsi həll olundu. Ümid edirik ki, bundan sonra onun ailəsi dövlət təminatında olacaq, sayənizdə onların bütün problemləri həll ediləcək. Edilənlərə və bundan sonra ediləcəklərə görə sizə öz minnətdarlığımızı bildiririk.

Cənab Prezident!
Qarabağ qazilərinin sosial problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində müxtəlif işlər görülüb, xüsusi proqramlar həyata keçirilib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda sizin tərəfinizdən davam etdirilir. Zaur Həsənovun timsalında yaşanan faciə zamanı bir daha aydın oldu ki, biz müharibə adamlarının həlli vacib xeyli problemləri var. Bu səbəbdən də mövcud problemlərin müəyyənləşməsi və onların həlli yolları ilə bağlı yanvarın 9-da “Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri”, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi”, “Mina Qurbanlarının sosial - iqtisadi Problemlərinin həllinə Dəstək”, “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək”, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” və “Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf Fondu” birgə yığıncaq keçirərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən sağlamlığını itirib əlil olmuş şəxslərin – Qarabağ qazilərinin sosial problemlərinin həllinə dair təkliflər hazırlayıblar.

Həmin təklifləri Sizə göndərərək qarşılaşdığımızın problemlərin həllində bizə köməklik göstərməyinizi xahiş edirik.

Allah köməyiniz olsun!”

***

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü
müdafiə edərkən sağlamlığını itirib əlil olmuş şəxslərin –
Qarabağ qazilərinin sosial problemlərinin həllinə dair

T Ə K L I F L Ə R

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 %-i işğal edilib, gedən hərbi əməliyyatlar zamanı 20 min insanımız şəhid olmuş, 10 mindən artıq soydaşımız isə yaralanaraq əlil olmuşdur. Bu qəbildən olan insanların sosial problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində müxtəlif işlər görülüb, xüsusi proqramlar həyata keçirilib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Müharibə əlilləri avtomobil və mənzillə təmin edilir, onların əlil arabaları və protez ortopedik vasitələrinə olan ehtiyacları dövlət tərəfindən qarşılanır.

Qazilərin az bir hissəsi hərbçi zabitlər, polis və təhlükəsizlik orqanlarının əməkdaşları, çox hissəsi isə sıravi heyətdir. Hərbçi zabitlər, polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının pensiya təminatı sıravi əsgərlərin pensiyasından 2-3 dəfə artıqdır. Orta hesabla 550-1000 manat civarındadır. Sıravi 1-ci qrup Qarabağ qazisi isə 200 manat, 2-ci qrup 160, 3-cü qrup 125 manat. Həmçinin 1-ci qrup qazi 105 manat, 2-ci qrup qazi 85 manat, 3-cü qrup qazi isə 75 manat prezident təqaüdü alır. Halbuki hökumət adam başına minimum yaşayış həddini 125 manat müəyyən etmişdir. Nəzərə alsaq ki, hər bir Azərbaycan ailəsi orta hesabla 4 nəfərdən ibarətdir, onda əlil şəxsin öz ailəsini verilən təqaüdlə dolandırması qeyri mümkündür. Bu vəsait qarşılığında, əlil arabasına məhkum olan, gözlərini itirən, əl və ayaqlarından mərhum olan qazilərin vəziyyəti daha da acınacaqlıdır.

Belə maddi sıxıntı içində yaşayan Qarabağ qazisinin öz övladları qarşısında atalıq, xanımları qarşısında ailə başçısı qürurunu qoruması çox çətindir. Bu səbəbdən də Qarabağ qazilərinin ailələrində daima müxtəlif problemlər yaşanır. Bu problemlər həm cəmiyyət, həm də qazilərin özləri və ailə üzvləri üçün müəyyən təhlükələr yaradır. Layiq olduqları diqqət və qayğını görməyən sosial problemlərlə baş-başa qalan üstəlik məmur özbaşınalığı və haqsızlığı ilə üzləşən qazilər intihar etməkdən belə çəkinmirlər.

Araşdırmalar təsdiq edir ki, təkcə 2001-ci ilədək onlarla əlil intihar etmiş və vaxtında müalicə ala bilmədiyinə görə dünyasını dəyişmişdir. Bu günlərdə - 25 dekabr 2013-cü ildə özünü yandıraraq intihar edən beş uşaq atası Zaur Həsənovun faciəli ölümü deyilənlərin acı təsdiqidir. Bu faciə onu göstərir ki, Qarabağ qazilərinin durumu həqiqətən də çox acınacaqlıdır. Mərhum Zaur Həsənovun vəziyyətində olan yüzlərlə Qarabağ əlili var. Onların da aqibəti belə sonuclana bilər. Əlillərlə işləyən dövlət qurumlarında, xüsusən də Səhiyyə Nazirliyinin xəstəxanalarında və özəl tibb klinikalarında vəziyyət dözülməz həddədir. Demək olar ki, Qarabağ qazilərinə pulsuz heç bir xidmət göstərilmir. Və ya onlar rüşvət vermədiklərinə görə lazımı tibbi xidmət ala bilmirlər. Bir neçə il əvvəl bu səbəbdən bir nəfər Qarabağ qazisi dövlət xəstəxanasında intihar etmişdi. Bir neçə nəfər isə haqsızlığa etiraz edərkən xəstəxana rəhbərliyi tərəfindən cinayətə sövq edilmişdir. Nəticədə Qarabağ qazisi həbsxanaya düşmüşdür. Dövlət İqtisad Universitetində təhsil alan övladının təhsil haqqını ödəyə bilməyən Qarabağ qazisi ali təhsil ocağının rəhbərliyinin qeyri-humanist davranışı nəticəsində damarlarını doğramışdır. 

Hazırda elə Qarabağ qazisi var ki, Qarabağ müharibəsində aldığı yaranın kəskinləşməsi nəticəsində ayağının zəruri olan amputasiyasını (kəsilməsini) bankdan kredit götürərək həyata keçirmişdir. Elə əlillər var ki, xəstə azyaşlı övladlarını bankdan kredit götürərək müalicə etdirir. Rayon İcra Hakimiyyəti başçılarına müraciət etdikdə isə təhqir olunurlar. (Bu hal Kürdəmir rayonunda baş verib.) Hazırda elə məmurlar,  xüsusi ilə də icra başçıları var ki, Qarabağ qazisini, şəhid ailəsini qəbul etmir, onları saya salmır. Bu azmış kimi bir çox hallarda “Ağlınız olaydı döyüşməyə getməyəydiniz ”, “Sizi kim göndərib?!” - deyərək, onları təhqir edirlər. Göründüyü kimi problemlər çox ciddidir, üstünə gedilməlidir, həllinə nail olunmalıdır.
Bütün bunları nəzərə alaraq aşağıdakıları təklif edirik:

1. Qarabağ əlillərinin (əsasən də sıravi heyətin) pensiya təminatı yaxşılaşdırılsın;
2. Qarabağ əlillərinə kommunal xidmətlər sahəsində güzəştlər tətbiq edilsin;
3. Qarabağ əlilləri və onların ailə üzvləri tibbi sığorta ilə təmin edilsin;
4. Qarabağ əlilləri və onların ailə üzvlərinin təhsil haqları dövlət tərəfindən ödənilsin;
5. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasının effektli təşkilini təmin etmək üçün Hökumət və QHT nümayəndələrindən ibarət komissiya və ya işçi qrup yaradılsın.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?