Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə keçiriləcək məhkəmə prosesi təxirə salınıb.
“Musavat.com”un xəbərinə görə, iclasın təxirə salınmasına səbəb cavabdeh tərəfin - Ədliyyə Nazirliyinin təmsilçilərinin məhkəmə iclasına gəlməməsi olub. Bu üzdən məhkəmə təxirə salınaraq yanvarın 31-nə təyin edilib. Ə.İnsanov vəkilləri bunu etirazla qarşılayıb, öz narazılıqlarını bildiirblər.
Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Xatırladaq ki, AİHM ötən il martın 14-də Ə. İnsanovun iddiası üzrə qərarını açıqlayıb. Qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddiaları təmin edilib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da qeyd olunub.
Modern.az