AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun böyük elmi işçisi,
fəlsəfə doktoru, dosent
Azərbaycan türk tarixində iki Xəzər dövləti olub…
XIX əsrdə yaşamış Azərbaycan türk mütəfəkkiri Abbasqulu Ağa Bakıxanov da eramızdan əvvəl I minilliyin ortalarına aid «Xəzran»-Xəzərlər dövlətinin mövcudluğundan bəhs etmişdir. Xəzərləri türk tayfası hesab edən A.A.Bakıxanova görə, Yafəsin oğullarından olan xəzərlər Xəzər və Qara dəniz arasında məskşunlaşıblarmış. Şübhəsiz, A.Bakıxanovun xəzərlərə aid etdiyi coğrafi məkan indiki Azərbaycan ərazisi ilə tamamilə üst-üstə düşür. A.A.Bakıxanov yazır ki, indiki Xəzərin sahillərində Xəzərgan adlı yer var ki, bu da N.Gəcəvinin «İskəndərnamə»sindəki «Xəzrankuh» («Xəzər dağı») ola bilər. A.A.Bakıxanov bu fikrində də tamamilə haqlı idi. Çünki N.Gəncəvi, həm də Xaqani Xəzərlərin ölkəsini Xəzran kimi qeyd ediblər. A.A.Bakıxanov Kaspi və Qafqaz anlayışlarının da bir-birinə yaxın anlayışlar olduğunu, qədim dövrlərdə burada Qaspi adlı tayfanın yaşadığını və yunanlar, romalılar arasında bu dənizin Qaspi adlandırıldığını qeyd edərək yazır: «Qafqaz sözü də, həmin qaspi adlı tayfanın adından və Quranda qeyd edilən Qaf dağından alınmışdır». Bir sözlə, A.A.Bakıxanov Turanın türklərin qədim vətəni olduğuna inanmış, eyni zamanda Qafqazı, o cümələdən Azərbaycanı da Turanın bir hissəsi hesab etmişdir.
Eyni zamanda fars dilində yazılmış, müəllifi bəlli olmayan «İskəndərnamə» adlı tarixi kitaba istinadən A.A.Bakıxanov yazır ki, səfər əsnasında İskəndər Bakıda olub və burada ona Xəzrankuh adlı yerdə Firuz adlı bir qocanın at ilxısının olduğunu deyiblər. İskəndər də Badpay adlı bir nəfəri xəlvətcə Firuzun yanına göndərir ki, bu ölkənin vəziyyətindən xəbər alsın. Badpay isə görür ki, bu tayfa arasında ən yaxşı çadırda turanlı qırmızısaqqal bir qoca oturmuşdu. Deməli, A.A.Bakıxanov da qədim dövrlərdə Xəzər ölkəsinin olmasını və həmin ölkənin sakinlərinin - xəzərlərin turanlı-türk olmasını qeyd etmişdir.
XX əsrin əvvəllərində A.A.Bakıxanovdan sonra, tədqiqatçılar arasında ilk dəfə Məhəmməd Həsən Vəliyev (Baharlı) qədim Azərbaycanın üç ölkəsindən və üç yerli etnosundan ikisini (Xarxar-Qarqarlar və Ağvanlar) dağıstandilli, birini isə (Xəzər) türkdilli hesab etmişdir. Xəzər adlı ölkə Eratosfen və Herodot dövründə (e.ə. V əsr) mövcud olmuş və ehtimal ki, eramızdan əvvəl birinci yüzillikdə bu xalq başqa ölkələrə köçərək, yalnız Xəzər dənizinin adında özü haqqında xatirə qoyaraq yox olmuşdur. Sonralar xəzərlər və başqa türk tayfaları farsdilli etnoslar tərəfindən qədim Azərbaycandan sıxışdırılıb çıxarılarkən, onlar Qafqaz dağlarına yön alıblar.
Qeyd edək ki, başqa bir araşdırmaçı Rza Nur da M.H.Vəliyev kimi qədim Azərbaycanda Xəzər dövlətinin olduğuna inanmışdır. Onun fikrincə, Midiya dövləti türklərin ən qədim dövlətidir və Midiya türkləri xəzərlər adını tanıyırmışlar. Onun fikrincə, Midiyadan sonra Atropatena yox Xəzəristan (Xəzərlər ölkəsi) dövləti yaranmışdır.
Bu mənada biz də hesab edirik ki, «Azərbaycan» sözünün ilk, ən qədim forması «Atropatena» yox «Xəzər», «Xəzran», indiki anlamda «Xəzəristan» olmuşdur. Yunanlar da öz dillərində qədim Xəzər dövlətini, onun əhalisini və xəzərlərin sahillərində yaşadığı dənizi müvafiq olaraq Kaspiana, Kas və Kaspi adlandırmışdır. Bu baxımdan belə qənaətə gəlirik ki, «Azərbaycan» sözü də ən qədim dövrlərdə Cənubi Azərbaycanda deyil, bütöv Azərbaycanda, Xəzər sözü əsasında yaranmış, daha doğrusu Xəzər dənizi sahillərində - Dərbənddən-şimaldan cənub qurtaracağına qədər olan ərazilərdə meydana çıxmışdır. Yəni indiyə qədər, bir çox tarixçilərin iddia etdiyi kimi, «Azərbaycan» sözünün yaranma mənbəyi kimi yalnız Cənubi Azərbaycanı, yaxud da İran Azərbaycanını-Atropatenanı görmürük. Hesab edirik ki, 1918-ci ildə qurulmuş Cümhuriyyətin «Azərbaycan» adlanması Atropatenanın deyil, qədim dövrlərdə Xəzər, Xəzran, xəzərlər və buna uyğun sinonim adlar daşımış dövlətə və onun mədəniyyətinə tarixi və mənəvi varisliyimizin məntiqi qanuauyğunluğudur.
Fikrimizcə, «Aran»//«Arran», «Araz//Aras//Əras» sözü də «Xəzər»//«Xəzran», eyni zamanda «Azər», «Azərbaycan»la bağlıdır. Belə ki, birmənalı şəkildə türk sözü olan «Aran» türk tayfalarından birinin adıdır və «ərlər», «ərlər ölkəsi» mənasını verir. Yəni «Xəzran» xəzərlər-xəzərlər ölkəsi, «Aran» isə ərlər-ərlər ölkəsi deməkdir. Şübhəsiz, «Aran»dakı «ar//ər» məhz «azər» və «xəzər»dəki «ər» hissəsi ilə bağlıdır. Ola bilsin ki, M.H.Vəliyevin deyimincə, qədim dövrdəki Xəzər dövləti eramızdan əvvəl I minilliyin son yüzilliklərinə (e.ə. II-I əsrlər) Parfiya tərəfindən siyasi səhnədən çıxarıldıqdan sonra, yerində ya Aran dövləti yaranmış, ya da Xəzərin zəifləməsi ilə güclənmişdir. Hər halda tarix kitablarında Albaniyada aranlar sülaləsinin hakimiyyətə gəlməsi kimi e.ə. II əsr qeyd olunur. Bu dövrdə Xəzəristan zəiflədikdən, yaxud da siyasi səhnədən çəkildikdən sonra türksoylu aranlar-ərlər ya yeni bir dövlət - Aran dövləti (Ərlər ölkəsi) yaratmışlar, ya da əvvəlcə zəif şəkildə olan dövlətlərini gücləndirmişlər. Fikrimizcə, burada inandırıcı olan Aran adlı yeni bir dövlətin yaranmasıdır. Deməli, sonralar Albaniya kimi tanınan ölkənin ilk və həqiqi adı məhz Aran, başqa sözlə Arran dövləti olmuşdur.
Tarix kitablarında e.ə. IV əsrin sonu, e.ə. III əsrin əvvəllərində yarandığı iddia edilən, lakin bu dövrdə Albaniyanın necə yaranması və kimlər tərəfindən idarə edilməsi barədə məlumatın olmaması da bunu sübut edir. Erməni tarixçisi M.Xorenlinin (V əsr), Aran-Alban tarixçisi M.Kalankatlının (VII əsr) da yazdığı kimi bu ölkənin qurucusu Aran olmuşdur. Ancaq bu tarixçilərin iddia etməsi ki, Aran yumşaq, mülayim xassiyyət olduğna görə onun hökmdarı olduğu ölkə «Ağvan», yunan-romalıların deyimincə isə «Albaniya» adlanmışdır, bu, artıq mübahisəli məsələlərdəndir. Ancaq bir şey dəqiqdir ki, Aran adlanan bu ölkəni hansısa bizə dəqiq bəlli olmayan səbəblərdən yunan və roma müəllifləri «Alban» adlandırıblar. Çox böyük ehtimalla, bu sözlər - «Aran» və «Alban» arasında yaxınlıq var. Çünki hər iki sözün kökü «Ar» və «alb/p» türkcədə iki mənanı ifadə edir: ərlər. Bəzi tədqiqatçılar «Aran» sözünü düzənlik, daldalanacaq, dağətəyi yer və s., «Alban»ı isə mülayim, yumşaq kimi yozurlar ki, burada da sözlər arasında müəyyən dərəcədə yaxınlıq var.
Tarixçi alim Sara Aşurbəyli yunan-romalılar tərəfindən Albaniya adlandırılan ölkənin əslində türk mənşəli söz olan Aran//Arran, Arran əhalisinin dilinin isə arran-türk dili olduğunu qeyd etmişdir. Onun fikrincə, Arran Şirvan ərazisinin də daxil olduğu Albaniyanın - qədim Azərbaycanın qədim dövrdə yerli adıdır. S.Aşurbəyli yazır ki, I Şapurun kitabəsinin Parfiya versiyasında mühafizə olunmuş Arran sözü «isti yer, düzənlik» mənasında bu günədək yalnız Azərbayca dilində qalmışdır. Arran sözünə qədim türk dillərindən savayı şərq dillərinin heç birində rast gəlinməmişdir. Qədim türk dillərində isə onun aşağıdakı mənaları: mal-qara saxlanılan yer, arxac-tövlə, pəyə, örtülü yer, külək tutmayan və dağətəyi yer, vadi, çöl və s. vardır.
Bütün bunlar da, bu fikrimizi təsdiq edir ki, Xəzərdən sonra yaranmış ölkənin adı Albaniya yox, Aran olmuş, ərəb mənbələri də daha dəqiq göstərərək Şimali Azərbaycanı «Arran», «Ərran» kimi yad etmişlər. Maraqlıdır ki, ərəblər Albaniyanın-Aranın varlığına tamamilə son qoyduqdan dərhal sonra (705-ci il) Şimali Azərbaycanı «Arran» adlandırmış, hətta «Arran» əmirliyi də yaratmışdır. Deməli, Şimali Azərbaycanı yalnız yunan-romalılar Albaniya adlandırıblar, ərəb mənbələri isə bu ərazini Ran (ər-Ran) və Arran kimi tanıyıblar. Ona görə də, məntiqi şəkildə, ərəblər 705-ci ildən Albaniyanın-Aranın siyasi müstəqilliyinə son qoyduqdan sonra bu ərazini yunan-romalılar kimi Albaniya yox, yerli-türk xalqının doğma dili ilə Arran vilayəti kimi tanıyıblar.
Ərəblərdən öncə, Sasanilər də Şimali Azərbaycan ərazisini Azərbaycanla yanaşı, Aran kimi qəbul ediblər. Yaxud da bu ölkə III əsrə qədər daha çox Aran kimi tanınırmış, ancaq sonralar yunan-romalılar tərəfindən Albaniya kimi daha çox qeyd olunmağa başlanmışdır. Ancaq bu ərazini əvvəlcədən Azərbaycan və Aran kimi tanıyan, ən əsası yerli əhalinin öz ölkələrinə verdiyi ad kimi qəbul edən ərəblər, xüsusilə Şimali Azərbaycanın adını Albaniya kimi qəbul etməyərək, onu ilkin adı olan Arran/Aran kimi yad ediblər.
1965-cı ildə «Azərbaycan VII-IX əsrlərdə» adlı tarixi əsərində Z.Bünyadov yazır ki, orta əsr mənbələrində Arran və Azərbaycan ərazisində türk tayfalarının yaşaması haqqında məlumat verilməsi, eyni zamanda hunların IV-V əsrlərdən başlayaraq Arrana hücumlarından sonra buranın həm də Hunlar-Xəzərlər ölkəsi adlandırılması təsadüfi deyil. Hunların-xəzərlərin Arrana və Azərbaycana basqınları, Arranda onların uzun illər boyu davam edən ağalığı bir daha təsdiq edir ki, ərəblərin hücumundan çox əvvəl burada çoxlu türkdilli ünsürlər var idi: «Azərbaycan və Arranın türkləşməsi prosesi, ərəblər siyasi səhnəyə çıxmazdan çox əvvəl, hələ Sasanilər İmperiyası daxilində başlamışdı. Ərəblərin Azərbaycanı istila edib burada məskən salmaları əvvəllərdə bu prosesi dayandırdı, lakin az sonra ərəblərlə türklərin assimlaysiyasının başlanması bu prosesi sürətləndirdi və cəmi yüz ildən sonra bu proses çox geniş bir şəkil aldı». Əlbəttə, «Azərbaycan və Arranın türkləşməsi… Sasanilər İmperiyası daxilində başlamışdı» fikri, heç də türk tayfalarının Sasanların dövründə Azərbaycana gəlməsi deyil, sadəcə, başqa türk tayfalarının axını və yerli türk tayfaları ilə qaynayb-qarışması nəticəsində türk amilinin Arran və Azərbaycanda möhkəmlənməsi, önə çıxması ilə izah etmək olar. Bunu, akademikin aşağıdakı fikirləri də təsdiq edir: «Türkləri Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çünki onda yerli böyük və çox yığcam türk tayfalarının varlığına göz yumulur».
Z.Bünyadov yazır ki, ərəblər VII-VIII əsrlərdə Azərbaycan və Arranı istila edərkən, burada əsas tayfaların hunlar-xəzərlər, yəni türklər olduğunu öyrənmişdilər. Ərəb mənbələrində ərəblərin istilasından əvvəl Azərbaycanda türklərin yaşadığı haqqında məlumat da var. Ərəb mənbəyində belə bir rəvayət var ki, ərəb xilafəti dövründə Xəlifə Müaviyə (661-680) qədim tarixə bələd olan Abid ibn Şariyə adlı yəmənlidən soruşur: «Türklər və Azərbaycan nə deməkdir?». Abid cavab verir ki, «Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir». Z.Bünyadova görə, bu rəvayəti şübhə altına almaq olardı, «lakin 1126-cı ildə farsca tərtib edilmiş imzasız bir əsərdə də həmin rəvayətə rast gəlirik. Burada belə deyilir: «Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir». Bu imzasız əsər müəllifi, Himyari padşahlarından biri olan Raiş haqqında məlumat verərkən deyir ki, bu ölkə türklərin əlindədir».
Son çağlarda xəzərlərlə azərlərin eyni olması barədə fikirlər tanınmış türkoloq alim Firudin Ağasıoğlu (Cəlilov), Firudin bəy Gilar, Yadigar Türkel və başqaları tərəfindən də irəli sürülmüşdür. Y.Türkel yazır ki, böyük şair-filosof Nizami Gəncəvinin «Beşliy»ində tez-tez adını çəkdiyi xəzərlər qədim Azərbaycanın yerli əhalisidir: «Miladdan qabaq ən azı VII-VI yüzilliklərdən Dəşti-Qıpçaq, Dəşti-Xəzər türklərin yurdudur. Dəmirqapıdan güneyə, gündoğana doğru bütün yerlər, Bakı və Muğan Xəzərlərin idi». Onun fikrincə, «türk düşmənlərinin son 100-150 ildə uydurub kitabdan kitaba köçürdükləri kimi, Xəzərlər «yox olub getmiş türk tayfası» yox, indiki Azərbaycan türkləridir».
Maraqlıdır ki, «Kitabi-Dədə Qorqud»dakı Oğuz elinin dövlət quruluşu Xəzər dövlətindən fəqlənmir. Bu baxımdan Oğuzun elə Xəzər dövləti olduğu, yaxud başqa bir müstəqil türk dövləti olduğunu dəqiqləşdirmək çətindir. Belə ki, Oğuz elində olduğu kimi Xəzərdə də dövlət başçısı faktiki olaraq real hakimiyyətə malik deyilmişlər. Ərəb tarixçisi Məsudiyə görə, Xəzər dövlətində hakimiyyəti ən nüfuzlu bəy, xan (oğuz) və yaxud çar, şad (xəzər) idarə edirmiş. Xəzər şahı isə xaqanlar olmadan dövləti idarə edə bilməzmiş.
Bu baxımdan hesab edirik ki, Azərbaycan xalqının qədim dövr tarixi yenidən araşdırılmalı, özəlliklə Atropatena və Albaniya adı ilə öyrəndiyimiz dövlətlərin həm adları, həm əhalisi, dili və s. məsələlər ciddi şəkildə tədqiqat obyektinə çevrilməlidir. Fikrimizcə, indiyə qədər bizə Atropatena (Strabon və ondan sonrakı müəlliflərin mülahizələri əsasında) adı ilə öyrədilən dövlət böyük ehtimalla Xəzər//Xəzəristan// Xəzran//Kaspiana olmuş və bu dövlətin əsas, aparıcı əhalisi isə türk soylu etnoslar - azlar//kaslar//xəzərlər olmuşdur. Eləcə də yunan və roma mütəfəkkirləri tərəfindən «Alban//Albaniya» kimi qeyd olunan dövlətin ilk, doğma və yerli adı Aran olmuş və bu günə qədər Şimali Azərbaycan həm «Azərbaycan», həm «Xəzər», həm də «Aran» adı ilə anılmışdır.
Ola bilsin ki, «Aran» sözü hansısa formada - «ərlər», «cəsurlar» və s. «Alban» anlayışına yaxın olmuş və bu mənada avropalılar «Aran»ı «Alban» kimi qeyd ediblər. Lakin bütün hallarda «alban» ölkə və millət adı kimi qəti şəkildə formalaşa bilməmiş, ona görə də yunan-romalılardan fərqli olaraq başqa qaynaqlar (suriya, ərəb, fars və b.) buranı ilk, yerli adı ilə Aran//Arran, Aranda yaşayan əhalinin dilini isə Aran//Arran dili kimi yad etmişlər. Bir sözlə, Aran dövləti və Aran dili birinci Xəzər dövlətinin süqutundan sonra meydana çıxmış, ikinci Xəzər dövlətinin yaranması ilə (VII əsr) yenidən öz yerini və mövqeyini onlara təhvil verməli olmuşdur. Çox güman ki, «Albaniya» və «alban xalqı» adlanan Aran dövlətinin süqutunda hakimiyyətdə olan türk sülalələrinin (aranlar, massagetlər və b.) sonralar qeyri-türk sülalələrlə (mehranilər və b.) əvəz olunması da mühüm rol oynamışdır. Ümumilikdə, Arran və Xəzər dövlətləri arasında soykök, mədəniyyət, dil, din və dövlətçilik bağlarının olmasına inanırıq.