Namidə BİNGÖL
Ötən həftəni cinlə-şeytanla yola verdik. Ən üzücü xəbər isə şahmatçımız Vüqar Həşimovun vaxtsız ölümü oldu. Bu barədə bir az sonra danışacam. Öncə həftənin siyasi mənzərəsinə qısa nəzər salaq.
Hakimiyyət daxilində yaranan qarışıqlıq əvvəl-axır parçalanma ilə nəticələnir. Beynəlxalq ölkələrin təcrübəsindən yararlanmaq sərgilənsə də, nəticədə üz-üzə gələn tərəflərin sivil şəkildə anlaşmaması meydana çıxır. Milli ideologiya ilə müxalifətə milli şüur, milli oyanış gətirdiyini iddia edən Milli Şuranın, günbəgün artan narazı qüvvələrlə meydanda təkbətək döyüşü davam edir. İş ondadır ki, artıq müxalifətdə milli birlikdən başqa nə istəsək var. Bu səbəbdən də müxalifətdə təmsil olunan AXCP-Müsavat qarşıdurması özünü gərginliyin azalmamasında göstərir. Müsavat Partiyasının adını mandat alverində hallandıran AXCP-yə görə “Müsavat siyasi kursunu çoxdan dəyişib. Hazırkı hakimiyyətlə dostluq münasibətləri mövcuddur”. AXCP-nin bu cür iradları qarşısında Müsavatın səsləndirdiyi fikirlərə görə “mandat alverinin təməlini məhz AXCP qoyub”. Keçən həftədən start götürən soyuq müharibə artıq gərginliyin pik həddindədir.Hətta, vəziyyət o yerə çatıb ki,əlinə silah alıb hücuma keçmək zamanıdır. Maraqlıdır ki, bir zamanlar Milli Şuranın çırağına yığışan partiyalar və onların icraedici nümayəndələri 2014-cü ilin ilk günlərində sanki qəflət yuxusuna getmişdilər və birdən oyandılar.
Əslində kənardan seyrçi qismində dayananlar çox komik bir səhnəyə tamaşa edirlər. Təsəvvür edin. Əvvəl eyni ideologiyaya canla-başla xidmət edənlərin çevrəsində ara qarışır, məzhəb itir. Meydanlarda çiyin-çiyinə odlu-alovlu nitq söyləyənlər bu gün bir-birilə, kobud səslənsə də deyəcəm, itlə pişik kimi rəftar edirlər. Hələ bu azmış kimi bir-birinin paxırını açıb tökürlər ortalığa. Maraqlıdır kimin üçün? Qəzet səhifələrində yazılanların əksəriyyəti yaxın keçmişin güzgüsüdür. O güzgünü divarın baş küncünə asmaqla nə dəyişəcək? Görəsən, əcaib davranışlar hansı siyasi etikanın təzahüründən doğur? Bu cür davranış üsuluna sahiblənməklə haqqınızda söz deyənlərin haqq səsinin həqiqət olduğunu sərgiləyirsiniz.
İqtidarla çiyin-çiyinə vuruşan müxalif tərəflər öz aralarında həmrəy ola bilməyib sonda silahı bir-birinə tuşladılar. Bu arada Səyavuş Novruzov əl çalmasın, neyləsin?! Daha çox siyasi proqnozları ilə diqqət çəkən YAP icra katibinin müavininin indiki halı mənim üçün çox maraqlıdır. Görəsən, o gecələr də gülür?!
İndi isə qayıdaq həftənin ürək ağrıdan olayına. Hələ çox işlər görüləcəkdi. Neçə-neçə rəqibi məğlub edib qələbə qazanmaq, qarşıya qoyulan ən böyük məqsədlərdən idi. Nə yazıq ki, həyat çox amansızdır. Vüqarı bizim aramızdan qoparmağı bacardı.
“Mən yığma komandada nə federasiyaya görə oynayıram, nə də kiməsə görə. Mən azərbaycanlıyam və həmişə Azərbaycan xalqına görə oynamışam”.
Son müsahibəsində belə demişdi Vüqar Həşimov. Sağlığında bir qrup şəxslə problem yaşamasına baxmayaraq, vüqarlı idi. Ona qarşı təşkil olunan kampaniyaların önündə qürurunu itirmədi. Yalnız ölümün qarşısında aciz qalan şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçindi. Ölümün ağır olduğu kimi əcəlin aldığı can da kədərli təsir bağışladı. Desəm ki, həyatın şirinliyindən dadmadı, haqsız olar. Qısa olmasına baxmayaraq, o, çox məsuliyyətli, şərəfli, vicdanlı ömür yaşadı, azərbaycanlı olduğunu dərk etməyi bacardı.
Təəssüf ki, bunu hər kəs bacarmır. Yersiz intriqaların girdabında şəxsi ədavət naminə bütün imkanlardan istifadə edənlər əsl qəhrəmanlıq salnaməsi yazdıqlarının fərqindədirlər. Amma bir şeyin fərqində deyillər ki, cəsədləri qara torpağa təslim olarkən, ortada dövlətçilik, millətçilik meyarları yoxdursa, nə dəyişəcək?! Süleymana qalmayan dünya heç kəsin deyil. Kiçik ailədaxili münaqişələrin yaranmasına rəvac verənlər, 5 manatdan ötrü vicdanını hərraca çıxaranlar, hakimiyyət uğrunda mənasız yerə çarpışanlar ölümü də gözə almağı bacarırlarmı? Kimlərinsə pafoslu çıxışları və iyrənc davranışları nə millətin, nə də dövlətin taleyini həll edir. Çoxu öz kisəsini doldurmaq üçün min oyundan çıxır. Nə yazıq ki, bu cür çirkli oyunlar bayrağımızı göylərə qaldırmayacaq.
Amma, Vüqar Həşimov kimi oğulların sayəsində həm millət, həm də dövlət fayda görür. Düzdü, 27 yaş nədir ki! Hələ çox işlər görüləcəkdi, neçə-neçə rəqib komanda məğlub olacaqdı, Azərbaycanın üçrəngli bayrağı dalğalanacaqdı, əcəl aman versəydi. Cənazə törənində Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun çarəsiz baxışları şahmatın qarşısında susdu. Çünki Azərbaycan müasir şahmatının bu iki flaqmanının ardınca Vüqar Həşimov gəlirdi. Gənclik dövrünün çiçək açan bir vaxtında səni öz əllərimizlə qara torpağa təslim etdik. Bizləri bağışla. Vüqar! Sən hər zaman yaşayacaqsan!