Dövlət İmtahan Mərkəzi ötən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib. Ərizələrin qəbulu internet vasitəsilə yanvarın 13 dən 27-dək aparılıb.
İmtahanda iştirak etmək üçün 21926 bakalavr ərizə təqdim edib. Onlardan 20057 nəfər Azərbaycan bölməsi, 1869 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 14017-si cari ilin, 7909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.
Qeyd edək ki, sosial şəbəkələrdə imtahanda iştirak edənlər sualların çətin olması barədə paylaşımlar ediblər.
Modern.az-a danışan elm və təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bakalavrların bir qismi imtahanın çətin, bir qismi isə normal olduğunu bildirir:
“Bəzi bakalavrlar xüsusilə məntiq fənnindən olan sualların çətin olduğunu deyir. Mən düşünürəm ki, kimin hazırlığı hansı fənddən daha yaxşıdırsa, onun üçün daha asan keçir. Daha çox çalışan, hazırlaşan bunun bəhrəsini görür. Az çalışanlar isə imtahan suallarının çətin olduğunu bildirir”.
R.Nurəliyev qeyd edib ki, müəllimlər də müzakirə zamanı imtahanın əvvəlki illərə nisbətən çətin olduğunu bildiriblər:
“Bu imtahanda keçən ilə nisbətən məntiq fənnində həlli daha çox zaman tələb edən sualların olduğu bildirildi. Amma ümumi olaraq keçən ilki ilə eyni səviyyəli olduğunu deyə bilərik. Son nəticələri Dövlət İmtahan Mərkəzi açıqlayacaq. Sualların çətin olması magistraturada qəbul ballarının aşağı düşməsi, asan olduqda isə balların qalxması deməkdir”.
Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzində belə bir proses olur ki, imtahan verənlərin ikinci cəhd imtahanında da iştirak etməsi üçün ikinci cəhd imtahan ilk cəhdə nisbətən asan olur:
“İmtahan nəticələrindən də bunu hiss etmək olur. İkinci cəhddə daha yüksək əldə edilməsinə səbəb imtahan verənin daha ciddi çalışması da ola bilər. Amma nəticə etibarilə ikinci cəhd əvvəlkindən asan olur. Ümumi gözləntilər barədə nəsə demək üçün tezdir. İkinci cəhddən sonra qəbul ballarında qalxma yaxud enmə müşahidə olunduğunu deyə bilərik. Hazırda bunu demək üçün tezdir. Ümumi nəticələr hər iki cəhddən sonra elan olunur. Yalnız ondan sonra magistratuya imtahan verənlərə müəyyən məsləhətlərimizi verə bilərik"