“Xocalı faciəsinin Türkiyədə tanınmasının da müxtəlif səviyyələri var. Ya Türkiyənin bir sıra bələdiyyələrində faciə tanınıb, ya ümumi ictimai əhval-ruhiyyə elədir ki, Xocalı məsələsinə soyqırımı kimi baxırlar”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Nizami Cəfərov deyib. O, qeyd edib ki, bununla bağlı Türkiyədə geniş təbliğat işləri də aparılır.
“Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi ilə bağlı müzakirələr gedəcək və bundan xəbərim var. Amma Türkiyə Böyük Millət Məclisin bununla bağlı öz prinsipləri var. Dəfələrlə bu məsələ ilə bağlı bütün deputatlar deyiblər ki, Xocalı faciəsini soyqırımı kimi tanıyırıq, amma elə bir mexanizm yoxdur ki, hansısa qərar qəbul edilsin. Bu Türkiyə Böyük Millət Məclisi üçün səciyyəvi deyil”.
N. Cəfərov bildirib ki, Türkiyə buna ümumi şəkildə baxır və hər hansı qərarla münaqişələri qızışdırmağı normal yol hesab etmir.
“Bununla da sübut etmək istəyirlər və burada fikir belədir ki, Avropa parlamentlərində də erməni soyqırımının qəbul edilməsi qeyri-qanunidir. Parlamentlər bu işlə məşğul olmamalıdır. Parlamentdə bir millətin başqa millətə qarşı qızışdırılması düzgün deyil. Türkiyə Böyük Millət Məclisi məsələyə bu cür izahat verir. Amma şübhə yoxdur ki, Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı qınanacaq və ermənilərin dinc əhaliyə qarşı divan tutmağı qeyri-humanist, qeyri-insani, qeyri-əxlaqi hadisə kimi təqdim olunacaq”.
Aytən ƏLİYEVA