“Partiyada narazılıq iki nəfərin arasında gedir. Onlar biri təşkilat komitəsinin üzvü Səfər Hümbətov, digəri partiyanın yaradıcılarından olan Qələndər Muxtarlıdır. Hər ikisi də mənim üçün əzizdir”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) yaradıcılarından olan, sabiq daxili işlər naziri İsgəndər Həmidov AMDP-də baş verənlərdən danışarkən deyib. O bildirib ki, partiyada demokratik mühit mövcuddur: “Biz cəmiyyətdə demokratiyadan danışırıq, bunlar da demokratik fikirli insanlardır, düşündüklərini deyə bilərlər. Amma onlar başa düşməlidirlər ki, bu cür narazılıq yaratmaq olmaz. Hər ikisi düşünülmüş addım atmalıdırlar, başqa adamların sifarişli oyunçularına çevrilməməlidirlər. Bazar günü də toplaşıb, bu məsələni həll edəcəyik. Müzakirələrdən sonra inzibati cəza da verilə bilər”.
İ.Həmidov hazırda partiyanın təşkilatlanma mərhələsində olduğunu qeyd edib: “Partiyanın bütün strukturları buraxılıb. Hazırda təşkilatlanma işləri aparılır, rayonlarda təşəbbüs qrupları yaradılır. Sentyabrda qurultay keçirməyi planlaşdırırıq”.
İlkin