“Dünya ölkələri ilə müqayisədə, Azərbaycanda uşaq əməyindən istifadə demək olar ki, hiss olunmayacaq dərəcədədir. Əvvəllər, birbaşa əhali buna reaksiya vermirdi. Amma indi əksinə, belə hallarla rastlaşdıqda insanlar narazılığını bildirir, diqqət yetirir. Ən azından restoranlarda mələk qismində rəqs edən kiçik qız uşaqlarının çıxış etməsinə də reaksiya verənlər çox olur”.
Bunu Modern.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib:
“Əvvəllər maşın pəncərəsi silən uşaqların, avtobuslarda pul yığanların sayı-hesabı yox idi. Bunların sayı yavaş-yavaş azalır. Bu da bir daha göstərir ki, respublikamızda bunun üçün artıq mühit yoxdur. Dolanışıq üçün şərait yarananda uşaq əməyindən istifadə də getdikcə azalır. Bununla yanaşı, bəzən belə faktlar qeydə alınır, araşdıranda məlum olur ki, məsələ başqa cürdür. Məsələn, dilənçiliyi araşdırsaq, nəticə etibarilə bunun bir biznes olduğunu görərik”.
Hadi Rəcəblinin fikrincə, bu problemə qarşı hərtərəfli mübarizə aparılmalıdır: “İstismarın daha çox fiziki təsir etmə forması var. Amma bizdə demək olar az rast gəlinən formadır. Bu problemi həll etmək üçün ailələrlə işləmək lazımdır. Cəmiyyət ailə ilə qarşılıqlı səy göstərməlidir ki, uşaqlara qarşı zorakılıq halları aradan qaldırılsın. Bəzən valideyn özü pis yolda olur, övladını da bura cəlb edir. Bunların hamısı vacib şərtlərdir. Buna görə də əvvəl ailə, sonra daha çox cəmiyyətlə işlər aparılmalıdır”.
Millət vəkili bildirir ki, sovet dövründə uşaqları əməyə öyrəşdirmək üçün müəyyən yazılmamış qanunlar var idi, o vaxtlar hətta əmək tərbiyəsi dərsləri də keçilirdi. “Məsələn, məncə, evdə valideyninə kömək etmək, yer yığmaq, rayon yerlərində heyvan otarmaq, evin qayğıları ilə yaşamaq uşaq əməyinin istismarı deyil. Əlbəttə, uşağı dərsdən ayırıb 8 saatlıq işə göndərmək artıq istismardır. Uşaqların əmək tərbiyəsi ilə əmək istismarını bir-birindən ayırmaq lazımdır. Məsələn, Amerikada uşaqlar gün ərzində 2-3 saat işləyib lazım olan qədər pul qazana bilirlər. Onlar qısa müddətdə poçtalyonluq edir, kitabxanalarda çalışırlar”.
Hər bir halda uşaqların istismar edilməsi xoşagələn hal deyil. Bunun qarşısı alınmalıdır”.
Uşaq Hüquqları Müdafiə Liqasının rəhbəri Yusif Bəkirli isə deyir ki, ümumiyyətlə 15 yaşını tamamlamamış uşaqların əməyindən istifadə edənlər cinayət məsuliyyəti daşıyır: “15 yaşı tamam olan uşaqlar əmək müqaviləsi əsasında əməyə cəlb edilə bilər. Amma burada nisbətən yüngül əmək formaları nəzərdə tutulur. Bu yaşdan aşağı olan uşaqların işə cəlb edilməsi istənilən halda yolverilməzdir. Kiçik yaşlı uşaqların restoranda çıxış edərək pul qazanması halları da uşaq əməyinin istismarı sayıla bilər. Bu zaman birbaşa onu ora aparan valideyn məsuliyyət daşıyır. Təəssüf ki, belə xoşagəlməz hallar yenə də var. Bu problemi kimisə danlamaqla yox, yalnız belə neqativ halların aradan qaldırılması ilə həll etmək olar”.
Gülşən Raufqızı